Dünya çempionatının bürünc mükafatçısı ilə görüş – Masallıda 

 

Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionatının bürünc mükafatçısı Əmrah Əmrahovla Masallıda görüş keçirilib.
Tədbir Ərkivan qəsəbəsindəki “Grand” restoranında baş tutub.
“Ərkivan Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilən görüşdə yeniyetmə güləşçini qələbə münasibətilə təbrik edən çıxışçılar ona növbəti yarışlarda uğurlar arzulayıblar. 
Məlumat üçün bildirək ki, Əmrah İltizam oğlu Əmrahov 1 yanvar 2007-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Qəsəbədəki şəhid Əlvan Bağırov adına 4 saylı tam orta məktəbini bitirib.
Əmrah 2015-ci ildən idmanın yunan-roma güləşi növü üzrə məşqlərə qatılıb. Ona bu yolda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin  məşqçi-müəllimi Qismət Əkbərov bələdçilik edib. 
2019-cu ildən etibarən Azərbaycan çempionatında, eləcə də beynəlxalq turnirlərdə müxtəlif dərəcəli mükafatlara layiq görülüb.
Xorvatiyanın Zaqreb şəhərində keçirilən yunan-roma güləş üzrə U-15 Avropa çempionatının (16-19 iyul, 2022) 44 kq çəki dərəcəsində bürünc, Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatının (iyun, 2024) gümüş medalını qazanıb.
Cari ilin ilk mundialında – İordaniyanın Amman şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatında (19-25 avqust) ölkə yığmasının üzvü (böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyilə) Ə.Əmrahov 48 kiloqram çəki dərəcəsində bürünc medala sahiblənib. 
Əmrah hazırda Azərbaycan İdman Akademiyasının tələbəsidir. 

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.