Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-ın Naxçıvanda dövlət dotasiyalarının azalması ilə bağlı sualını cavablandırıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında daxili maliyyə mənbələrinin genişlənməsi dövlət büdcəsindən ayrılan vəsaitlərin azalmasına səbəb kimi göstərilir.
QHT.az-ın sualı:
Naxçıvan Muxtar Respublikasında daxili maliyyə mənbələrinin genişlənməsi dövlət büdcəsindən dotasiyaların azalmasına səbəb kimi göstərilir. Bu genişlənmənin əsas mənbələri hansılardır və gələcəkdə iqtisadiyyatın hansı sektorlarının bu artımı dəstəkləməsi gözlənilir?
Professor Elşad Məmmədovun cavabı:
"Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasında daxili maliyyə mənbələrinin genişlənməsi ilk növbədə fiskal yığımların optimallaşdırılması, effektivliyinin artırılması və onların həcminin çoxalması ilə bağlı ola bilər. Bu proses əvvəlki dövrlərdə sosial-iqtisadi siyasətin, xüsusilə fiskal yığımların yetərincə effektiv olmamasını da göstərir.
Ancaq diqqət edilməli məqam odur ki, fiskal yığımların sərtləşdirilməsi iqtisadi fəallığın məhdudlaşmasına gətirib çıxarmamalıdır. Bu məsələyə həssas və balanslı yanaşmaq vacibdir. Fiskal yığımlar və iqtisadi artım arasında sistemli əlaqə qurulmalıdır. Yəni iqtisadi artım baş verdikcə fiskal yığımlar da təbii şəkildə artmalıdır, fiskal yığımlar və iqtisadi artım bir-birini tamamlamalıdır. Əks halda, uzunmüddətli perspektivdə iqtisadi dayanıqlılıq təmin edilə bilməz və fiskal siyasətin həddindən artıq sərtləşdirilməsi iqtisadi fəaliyyətə mənfi təsir göstərə bilər."
Elşad Məmmədovun sözlərinə görə, gələcəkdə iqtisadiyyatın müxtəlif sektorlarının, xüsusən də qeyri-neft sənayesi, kənd təsərrüfatı və digər istehsal sahələrinin gücləndirilməsi daxili maliyyə mənbələrinin möhkəmləndirilməsinə şərait yarada bilər.
Qeyd edək ki, 2025-ci il dövlət büdcəsinin layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyalar əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azaldılıb. Bu, bölgədə aparılan struktur islahatları və daxili maliyyə potensialının genişlənməsi ilə izah edilir.
Pərvanə Fərhadqızı
QHT.az










