2022 - 2024 -cü illər ərzində qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşılmasına dair hesabat konfransı keçirilib. 

QHT.az xəbər verir ki, Hemofiliyalı Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov "2022-2024-cü illər ərzində qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşılması" mövzusunda hesabatla çıxış edib:

"Assosiasiyamız 1997-ci ildə yaranıb və artıq 27 ildir ki, fəaliyyət göstərir. Hemofiliya çox ağır qanın laxtalanma  pozğunluğudur. Xəstə cüzi  cızıqdan, kəsikdən, travmadan  daxili və  xarici qanaxmalar , qansızmalarla üzləşir. Əgər düzgün yanaşma olmasa yaxşı halda əlilliklə üzləşir, pis halda isə dünyasını dəyişə bilər. Beləliklə, Assosiasiyamız qısa olaraq 97-ci ildən 2003-cü ilə qədər pasyentlərin məlumat bazasını topladı. O zamanlar pasyentlərin sayı belə bilinmirdi. 2005-ci ildə assosiasiyamızın birbaşa iştirakı ilə dövlət proqramı hazırlandı və dövlət qurumlarına, ölkə rəhbərliyinə təqdim edildi. 2005-ci ildə dövlət Proqramı təsdiqləndi və 2006-cı ildən bu günədək bahalı dərman preparatlarıyla tam təmənnasız olaraq dövlət tərəfindən təminat həyata keçirilir.  Mən qısa olaraq sizə məlumat vermək istəyirəm ki, xəstəliyin sayı artır. Bir neçə il öncə vəziyyəti qiymətləndirmək üçün  sorğu keçirdik . Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bizim fəaliyyətimiz beş il qabağa planlaşdırılır. Bu gün gördüyümüz işlərdə beş il qabaq üçündür. Beləliklə, bir neçə il öncə 225 pasyentdən 2017-ci ildə sorğu aparıldı və aydın oldu ki, bu pasyentlərin ciddi şəkildə sağlamlıqlarında müəyyən çətinliklər olduğunu aşkar etdik. Belə ki, 75 faiz pasiyent  qeyd etdi ki, hematuriyadan (böyrək qanaxması) əziyyət çəkir. 18 yaşdan yuxarı 109 pasiyentin ağız boşluğunda müxtəlif ciddi stomatoloji problemlər yaşanır. 225 pasiyentin yarısından çoxunda demək olar ki, çox ciddi ortopedik problemlər müşahidə olunurdu".

Ayaz Hüseynov həmçinin qeyd etdi ki, 2022-2024-cü illər ərzində əldə olunan nəticələrə görə, təlimlərdən keçən pasyentlər və onların valideynləri 693 nəfər təşkil edir, 5 Rayon Mərkəzi Xəstəxanalarda Fizioterapiya kabinetlərin təşkili və təchizatlanması, Naxçıvan Muxtar Respublikasında və Bakı şəhərində dövlət xəstəxanalarının nəzdində irsi qan xəstəliklərinin müalicəsi üçün stomatoloji kabinetlərin yaradılması və təchizatlanması, Respublika üzrə hemofiliyanın multidisiplinar müalicəsinə dair 1244 tibb işçisi üçün seminarlar və konfranslar çərçivəsində təlimlər keçirilmiş, farmakoekonomik təhlillərin aparılması nəticəsində müasir müalicənin tətbiqinə nail olunmuşdur. 

Qeyd edək ki, konfransda dövlət qurumları, tibb işçiləri və pasyent təşkilatlarının əməkdaşları iştirak edir. Tədbirin əsas məqsədi,  bu müddət ərzində görülən işləri ictimaiyyətə təqdim etmək və hemofiliya xəstələrin tibbi yardım sahəsində əldə edilən nailiyyətləri müzakirə etməkdir.

 

Pərvanə Fərhadqızı