Xırdabuynuzlu heyvanların sığorta tariflərinin 10% aşağı salınması fermerlər arasında geniş müzakirələrə səbəb olub. Aqrar Sığorta Fondu tərəfindən edilən bu addımın kiçik təsərrüfat sahibləri üçün əhəmiyyətlə bir imkan yaradacağı düşünülür.

QHT.az “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyevanın bu məsələ üzərinə fikirlərini öyrənib. O bildirib ki, hər bir dövlət paketində sahibkara təqdim olunan, xüsusilə heyvandarlıqla məşğul olan sahibkarların, fermerlərin təqdim olunan bütün patentlərdə bu faizlərin aşağı olması birbaşa fermerlərə təsiri var: 

"İribuynuzlu və xırdabuynuzlu heyvanların təhvil verildikdən sonra ona baxmaq çətin olur. Onun yemini almaq, baytar xidmətini yerinə yetirmək bilgisi az olur. Xaricdən gətirilən bu heyvanları təhvil verərkən tələbatı olan fermerlərlə sorğu aparılsın, qulluq etmə təcrübələri müyənn edilsin, onlara tibbi olaraq hansı qayğılar göstərilməlidir onlar müyənn edilsin. Tutaq ki, bizim yerli mühitə, təbiətə öyrəşmiş heyvanlarımız bu təbiətə alışıb. Amma iqlim dəyişəndə heyvanlar da bunun əziyyətini çəkirlər".

Zülfiyyə Nuriyeva həmçinin bildirib ki, bütün hallarda bunların sığortasını 10% aşağı salınması fermerə uyğundur və heyvanlar bütün təbii fəlakətlərdən, heyvan hücumundan, zəhərlənmədən, çıxan yanğından, hər bir vasitədən sığortalanır. Heyvanın saxlandığı yerdə nəsə baş verərsə bunu sığorta qarşılayacaq:

"Daxili bazarın inkişafında, ət və süd məhsullarının təminatında sığortalanmanın aşağı endirilməsi fermerə təsirsiz ötüşməyəcək, hətta kənd təsərrüfatı sahəsində önəmli yer alacaq. Heyvandarlıq çətin sahədir, qış gəldi canavarın, digər heyvanlar yem axtarırlar, bu heyvanlara hücum edirlər. Bunun da sığortalanması çox vacib məsələdir".

 

Pərvanə Fərhadqızı