Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də süd vəzi xərçənginə tutulma halları artmaqdadır. Qadınlarda həyat itkisinə səbəb olan süd vəzi xərçənginin qarşısının alınmasında erkən diaqnoz və maarifləndirmə olduqca əhəmiyyətlidir.

QHT.az xəbər verir ki, ictimaiyyətin diqqətini bu xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək, qadınlara vaxtında müayinələrdən keçməyə çağırış etmək məqsədilə dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Regional İnkişaf” İctimai Birliyi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib.

Universitetdə çalışan yaşı 39-dan çox olan xanımların və qız tələbələrin iştirak etdiyi tədbirdə Leyla Medical Center-in cərrah mama-ginekoloqu, uzman Elnurə Salmanova və Referans Estetik Cərrahiyyə Mərkəzinin süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrahı, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova süd vəzi xərçəngi, onun əlamətləri, risk faktorları, erkən diaqnostikası üçün vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınmasında müasir müalicə metodları, sağlam həyat tərzinin əhəmiyyəti və digər mövzularda iştirakçılara ətraflı məlumat verib. Tədbir çərçivəsində həmçinin iştirakçılara Referans laboratoriyalarında ödənişsiz müayinələrdən keçməsi üçün kartlar təqdim olunub.