“Təşkilat gənclər təşkilatı olduğuna görə, gənclərin müxtəlif mövzularda maarifləndirilməsi missiyasını həyata keçirir. Məqsəd – gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların intellektual və şəxsi inkişaflarının gücləndirilməsindən ibarətdir. Bu məqsədlə bu günədək çoxsaylı layihə və tədbirlər icra olunub”.

Bu sözləri "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri, təşkilatın təsisçisi Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, fəaliyyət istiqaməti, əsasən, vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, şəxsi inkişaf və qeyri-formal təhsil metodları vasitəsilə onlarda müəyyən bilik və bacarıqların aşılanmasıdır: “Təşkilatımızın fəaliyyət sahəsi gənclərin maarifləndirilməsi olduğundan mottomuzu buna uyğun seçmişik. Filosof Senekanın “İnsanlar öyrədərək öyrənirlər” (Homines dum docent discunt) kəlamı bizim mottomuzdur. Təşkilatımız əsasən vətənpərvərlik və qeyri-formal təhsil sahələri üzrə fəaliyyət göstərir. Lakin bir çox digər mövzularda da maarifləndirmə işləri görməkdəyik. Müxtəlif mövzularda maarifləndirmə əsas işimiz olduğu üçün çalışırıq ki, cəmiyyətə savadlı, geniş dünyagörüşlü gəncləri aşkar edərək təqdim edək. Bundan başqa, qeyri-formal təhsil vasitəsilə onların emosional düşüncə tərzinin formalaşması və inkişafı, müxtəlif yumşaq bacarıqların əxz edilməsi yönündə də işlər görülür”.

Qeyd edək ki, təşkilat gənclərin şəxsiyyət kimi formalaşması, eləcə də, bir çox xoşagəlməz vərdişlərdən uzaqlaşdırılması, həmçinin cəmiyyət üçün aktual problemlərlə mübarizə istiqamətləri üzrə fəaliyyətlər icra edir.

 

Pərvanə Fərhadqızı