Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Kənd Qadınları Assosasiyası IB arasında görüş keçirilib. Görüşdə aqrobiznes təmsilçiləri olan qadınların məşğulluğunun təmin olunması, dəstəklənməsi, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın qrupları barədə müzakirə aparılıb.

Azərbaycan Kənd Qadınları Assosasiyası Ictimai Birliyinin sədri Gülbəniz Qənbərova QHT.az-a bildirib ki, regionlarda fermer və sahibkar qadınların təşkilatlanması, bacarıqların artırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, kollektiv qadın bizneslərinin yaradılması və s. sahələrdə təşkilatın gördüyü işlər və layihələrdən bəhs edib: “Bölgələrdə fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qruplarının qadınların sahibkarlıq fəaliyyətinə göstərdiyi inkişaf və təkan, həmçinin bu qrupların daha çox qadının işlə təmin olunmasına şərait yaratdığı barədə məlumat verib. Görüşdə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov  kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək göstərilməsi məqsədilə mütəmadi olaraq bölgələrdə təşkil olunan Aqrar İnnovasiya Festivallarında qadın qruplarının təmsil olunması barədə danışıb. Festivallarda qadın sahibkarların hazırladıqları müxtəlif məhsulların nümayişinə və satışına imkan yaradıldığını, eləcə də təsərrüfatlarında mövcud çatışmazlıqların həlli istiqamətində yerli şirkətlərlə əlaqələrin qurulması və tətbiqi ilə bağlı köməklik göstərildiyini vurğulayıb”.

QHT sədri həmçinin bildirib ki, görüşün sonunda  qadın sahibkarlığının inkişafı və təşviqi məqsədilə cari ildə bölgələrdə keçiriləcək festivallara daha çox qadın sahibkarın cəlb olunması barədə razılığa gəlinib.