Prezident İlham Əliyevin Zəngilanda qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə görüşünü dəfələrlə izlədim. Dövlət davranışı belə anlarda görünür. Çünki şəhid ailəsinə hörmət təkcə orden verməklə ölçülmür. Yaşlı insana ehtiram da təkcə tribunadan deyilən sözlə olmur. Bəzən bir baxış, bir davranış hamısından daha çox şey deyir. Bu formal münasibət, “protokol reaksiyası” deyildi...
Bu fikiləri QHT.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib:
"Dövlətin öz şəhidinə səmimi, həssas, duyğulu münasibətiydi... Dövlət öz şəhidinin atasının qarşısında, şəhid atası isə dövlətinin qarşısında məğrur, səmimi dayanmışdı.
Prezident bir daha göstərdi, şəhidlərin valideynləri, ailə üzvləri bu dövlət üçün sıradan insanlar ola bilməz. O insanlar bu torpağın hansı qiymətə geri qayıtdığını yaxşı bilirlər və bu dəyəri hər gün öz həyatlarında daşıyırlar.
Prezident bir daha göstərdi, dövlət öz torpağına qayıdan insanı necə qarşılayır, şəhid atasına necə yanaşır, ağsaqqalın qarşısında necə davranır.
Dövlət başçısının münasibəti, davranışı daha bir mesaj idi. Dövlət başçısı yaşlı insana necə yanaşırsa, məmur da onu görür. Şəhid ailəsinin yanında necə dayanırsa, cəmiyyət də onu yadda saxlayır.
Dövlət başçısı bir daha göstərdi ki, ölkəmizdə şəhid ailəsinə ehtiram da, yaşlı insana hörmət də təkcə ənənə deyil, dövlət davranışının özüdür."






