Quba Şahdağ Sanatoriya Mərkəzində “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovanın iştirakı ilə şəhid ailələri ilə görüş təşkil olunub. Görüşün əsas məqsədi şəhid ailələrinə mənəvi dəstək göstərmək, onların müraciətlərini dinləmək və cəmiyyətin diqqətini bu ailələrə yönəltmək olub.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Tünzalə Abduləlimova bildirib ki, şəhid ailələri xalqımızın ən dəyərli əmanətləridir və onların daim qayğı ilə əhatə olunması hər kəsin mənəvi borcudur. O, şəhidlərin Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs edərək, onların ailələrinə diqqət və dəstəyin vacibliyini vurğulayıb.
Görüş zamanı şəhid ailələrinin müraciətləri dinlənilib, onların sosial rifahı və müalicə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir səmimi söhbətlər və qarşılıqlı təşəkkür hissi ilə yadda qalıb.
Sonda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilib.






