Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Onun xalası oğlu — 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan baş əsgər Elşad Məmmədovdur.
QHT.az xəbər verir ki, Elburus Yusifov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. 21.12.2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elburus Yusifov ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.






