Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü bu gün öz işinə başlayır. "ŞƏT+” formatında keçiriləcək Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Astana şəhərində səfərdədir. Artıq Azərbaycan Prezidenti bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirib və vacib sənədlər imzalanıb. Qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistanın dövlət rəhbərlərinin də birgə görüşü baş tutub.

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, 23 il əvvəl yaradılan ŞƏT regional əməkdaşlıq forumu statusuna malik olmaqla 9 üzv (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) dövlətlərini özündə birləşdirir: "Təşkilata üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulu (ÜDM) 24.4 trilyon dollardır və Avropa İttifaqının birgə ÜDM-dən 6.0 trilyon dollar çoxdur. Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır".

Deputat həmçinin bildirib ki, Azərbaycan, 2016-cı ildə ŞƏT ilə imzalanan memorandumla əməkdaşlıq sahələrini genişləndirib, son 8 ildə bu əməkdaşlığı gücləndirib: "Regionda formalaşan yeni düzən fonunda ölkə, ŞƏT ilə birlikdə beynəlxalq layihələrin və nəqliyyat dəhlizlərinin uğurla genişləndirilməsində mühüm rol oynayır".