“Yeni Fikir” JHİB-nin sədri Elmira Mehdiyeva COP29-da qazanılan təcrübənin WUF13 forumunda davam etdirilməsi və Azərbaycan QHT-lərinin bu prosesdə artan rolu haqda QHT.az-a açıqlama verib.

E.Mehdiyevanın sözlərinə görə, son illər Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənmişdir: "Son illər Azərbaycanda vətəndaş cəmiyyətinin həm yerli, həm də qlobal səviyyədə fəaliyyəti nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Xüsusilə, beynəlxalq tədbirlərdə QHT-lərimizin iştirakı və onların fəallığı QHT-lərə böyük təcrübə qazandırmış, onların nüfuzunu artırmışdı. Bunu COB29-un Bakıda keçirilən tədbirlərində də görmək olurdu.  COP29 zamanı vurğulanmışdır ki, qeyri-hökumət təşkilatları (QHT-lər), vətəndaş təşəbbüsləri və müxtəlif ictimai birliklər iqlim problemlərinin həllində mühüm tərəfdaş kimi çıxış edir. Onların fəaliyyəti ictimai maarifləndirmənin artırılmasına, ətraf mühitin qorunması istiqamətində davranışların dəyişdirilməsinə və dayanıqlı inkişaf məqsədlərinin təşviqinə əhəmiyyətli töhfə verir".

Elmira Mehdiyeva bildirib ki, vətəndaş cəmiyyətinin qərar qəbuletmə prosesində rolu daha da gücləndirilməlidir: "Eyni zamanda, vətəndaş cəmiyyətinin qərarların qəbulunda iştirakının genişləndirilməsi məsələsi də ön plana çəkilmişdir. Qeyd olunmuşdur ki, QHT-lərin təklif və təşəbbüslərinin nəzərə alınması, onların institusional inkişafına dəstək göstərilməsi vacib hesab olunur".

Sədr vurğulayıb ki, COP29 vətəndaş cəmiyyəti üçün yeni beynəlxalq əməkdaşlıq imkanları açmışdır: "COP29 həm də vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən platforma kimi çıxış etmişdir. Müxtəlif ölkələrdən olan təşkilatlar arasında təcrübə mübadiləsi aparılmış, birgə layihələrin həyata keçirilməsi üçün yeni tərəfdaşlıqlar qurulmuşdur. Bu isə qlobal səviyyədə iqlim problemlərinə daha koordinasiyalı yanaşmanın formalaşmasına şərait yaratmışdır".

Elmira Mehdiyeva qeyd edib ki, vətəndaş cəmiyyətinin rolu gələcək inkişaf üçün mühüm stimul yaradır: "Nəticə etibarilə, COP29 çərçivəsində vətəndaş cəmiyyətinin rolunun yüksək qiymətləndirilməsi bu sahənin gələcək inkişafı üçün mühüm stimul oldu. Bu yanaşma göstərdi ki, dayanıqlı gələcəyin qurulmasında dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq həlledici əhəmiyyət daşıyır".

E.Mehdiyevanın sözlərinə görə, Bakı növbəti mühüm beynəlxalq tədbirə hazırlaşır: "Budur, may ayının 17-22-də  Bakı yeni bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Azərbaycan QHT-ləri bu tədbirə COB29-da əldə etdiyi yüksək təcrübədən irəli gələn geniş fəaliyyət proqramı ilə gəlir. 2026-cı il üçün Agentliyin elan etdiyi layihə müsabiqəsində də WUF13-lə bağlı fəaliyyətlərə həsr olunan ayrıca bir bölmə var idi ki, QHT-lər böyük həvəslə o mövzuda layihə təklifləri verdi və hal hazırda onların həyata keçirilmə mərhələsinə hazırlıq gedir".

Sədr bildirib ki, WUF13 şəhərsalma sahəsində mühüm qlobal platformadır: "Bakıda keçiriləcək WUF13 (Dünya Şəhər Forumu) müasir dövrdə şəhərsalma və davamlı inkişaf sahəsində ən mühüm beynəlxalq tədbirlərdən biri hesab olunur. Bu forum Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təşkil edilir və dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, mütəxəssisləri, alimləri və şəhər planlaşdırıcılarını bir araya gətirir".

Elmira Mehdiyeva vurğulayıb ki, forumun əsas məqsədi dayanıqlı və inklüziv şəhərlərin inkişafıdır: "WUF13-ün əsas məqsədi şəhərlərin daha dayanıqlı, inklüziv və yaşamaq üçün əlverişli olmasına nail olmaq yollarını müzakirə etməkdir. Forum çərçivəsində urbanizasiya prosesinin yaratdığı problemlər, ətraf mühitin qorunması, nəqliyyat sistemlərinin təkmilləşdirilməsi, sosial bərabərlik və rəqəmsal texnologiyaların şəhər həyatına təsiri kimi mövzular geniş şəkildə müzakirə olunur".

Sədr qeyd edib ki, Bakının ev sahibliyi ölkənin nüfuzunu artırır: "Bakının bu cür mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. Eyni zamanda, bu forum ölkənin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri təqdim etmək və digər ölkələrin təcrübəsindən faydalanmaq üçün mühüm imkan yaradır".

Elmira Mehdiyeva əlavə edib ki, forum yerli mütəxəssislər üçün də geniş imkanlar yaradır: "WUF13 həm də yerli mütəxəssislər və gənclər üçün yeni biliklər əldə etmək, beynəlxalq əlaqələr qurmaq və innovativ ideyalarla tanış olmaq baxımından böyük əhəmiyyət daşıyır. Belə tədbirlər şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır və qlobal əməkdaşlığı gücləndirir".

Fatimə Nəbiyeva