Avropada ifrat sağ partiyaların güclənməsi vətəndaş cəmiyyəti təşkilatlarına (QHT-lərə) qarşı təzyiqləri artırıb. Bir çox ölkələrdə QHT-lər parlament sorğuları, hüquqi məhdudiyyətlər və polis nəzarəti ilə hədəfə alınır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Almaniyada AfD partiyası sol yönümlü QHT-lərə 295 parlament sorğusu göndərib. Bu, 2024-cü illə müqayisədə iki dəfə çoxdur. Rəsmi olaraq bu sorğular nəzarət məqsədi daşısa da, QHT-lər bunu təzyiq və qorxutma vasitəsi kimi qiymətləndirir.

Macarıstanda xarici maliyyə alan təşkilatların siyahıya salınması və vergi yoxlamaları, İtaliyada isə etirazları məhdudlaşdıran sərt təhlükəsizlik qanunları tənqid olunur. Fransa və digər ölkələrdə də QHT-lərə qarşı təzyiq, izləmə və etirazlara məhdudiyyətlər artıb.

Ekspertlər bildirirlər ki, bu tendensiya vətəndaş cəmiyyətinin zəifləməsinə və demokratik nəzarətin azalmasına səbəb olur. Buna baxmayaraq, QHT-lər hüquq və azadlıqların qorunması üçün mübarizəni davam etdirir.