QHT.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq iqlim konfransı üçün qeydiyyat prosesi böyük maraqla davam edir. Bu ilin 24 iyun tarixində başlayan qeydiyyata hazırda dünyanın müxtəlif ölkələrindən 32 000-dən çox nümayəndə qatılıb. Konfrans noyabrın 11-22-də Bakıda baş tutacaq və iqlim siyasətinin formalaşmasında vacib platforma rolunu oynayacaq.

Qeyd edilir ki, iştirakçıların sayının yaxın həftələrdə daha da artacağı gözlənilir. Tədbirə hazırlıq işləri davam edir və dünyanın müxtəlif ölkələrindən onminlərlə nümayəndə heyəti Bakıda qarşılanmağa hazırlaşır. COP tədbirlərində olduğu kimi, son qeydiyyatlar tədbirə daha yaxın tarixlərdə tamamlanacaq.

COP29 konfransı, iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm qlobal platforma kimi, dünya liderləri və mütəxəssisləri bir araya gətirəcək. Konfransda əsas müzakirə mövzuları arasında yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması və su ehtiyatlarının qorunması kimi vacib məsələlər yer alır.

 

Pərvanə Fərhdqızı