Türk dövlətləri arasında əməkdaşlıq son illər yalnız siyasi, iqtisadi, mədəni və humanitar sahələrlə məhdudlaşmır. Ortaq tarix, dil və mədəni irs üzərində qurulan əlaqələr artıq vətəndaş cəmiyyətini də əhatə edir. Bu isə Türk dünyasında vətəndaş diplomatiyasının yeni mərhələsinin başlanmasından xəbər verir. Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin QHT Forumu müxtəlif ölkələrdə fəaliyyət göstərən ictimai təşkilatları eyni platformada bir araya gətirən, gələcəyə hesablanmış mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilməlidir.
Belə ki, forumun əsas amillərindən biri TDT-də təmsil olunan dövlətlərdə müxtəlif səpkili fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları arasında təcrübə mübadiləsinin aparılmasına və qarşılıqlı, səmərəli layihələrin həyata keçirilməsinə şərait yaradır. Məhz bu baxımdan Forumun keçirilməsi təsadüfi deyil, müasir dövrün tələblərindən irəli gələn zərurətdir. Bu zərurətin nəticəi olaraq Azərbaycan dövlətinin təşəbbüsü ilə 2025-ci ilin 23-26 noyabr tarixlərində Bakıda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirakı ilə “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi baş tutdu.
Həmin Foprum çərçivəsində eyni zamanda “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” da keçirildi. Qeyd edək ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub.
Forumun ən mühüm nəticələrindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının vahid əməkdaşlıq mexanizmi olan TDT QHT Platformasının təsis edilməsi oldu. Platformanın təsis konfransı 2025-ci il noyabrın 25-də Naxçıvan şəhərində keçirildi. Bu qərarın məhz Naxçıvanda qəbul edilməsi təsadüfi deyildi. Çünki Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi ilə qoyulub və Naxçıvan Türk inteqrasiyasının simvolik mərkəzlərindən biri hesab edilir. Yeni yaradılan Platforma üzv və müşahidəçi ölkələrin vətəndaş cəmiyyəti institutları arasında davamlı əməkdaşlığın, birgə təşəbbüslərin və ortaq fəaliyyətin koordinasiyasını təmin edən mühüm institusional mexanizm kimi Türk dünyasında vətəndaş diplomatiyasının inkişafına yeni impuls verdi.
Bu silsilənin davamı olaraq, 2026-cı i mayın 16-da Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu baş tutdu. Bununla yanaşı, II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları da keçirilib.
Türk Dövlətləri Təşkilatının fəaliyyəti son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Əgər təşkilatın fəaliyyətinin ilk dövründə əsas diqqət dövlətlərarası siyasi dialoqun və iqtisadi əməkdaşlığın inkişafına yönəlirdisə, hazırda inteqrasiya prosesinin cəmiyyətlər səviyyəsində dərinləşdirilməsi prioritet istiqamətlərdən birinə çevrilib. Bu baxımdan vətəndaş cəmiyyətinin institusional əsasda təşkilatlanması TDT məkanında əməkdaşlığın daha dayanıqlı xarakter almasına xidmət edir.
QHT Platformasının yaradılması və Həmrəylik Forumlarının müntəzəm keçirilməsi Türk dövlətləri arasında əməkdaşlığın yalnız hökumətlərarası münasibətlərlə məhdudlaşmadığını, onun ictimai dayaqlarının da formalaşdırıldığını göstərir. Bu, beynəlxalq münasibətlər nəzəriyyəsində "çoxtəbəqəli diplomatiya" adlandırılan yanaşmanın Türk dünyasında praktik tətbiqi kimi qiymətləndirilə bilər. Belə bir modeldə dövlət diplomatiyası ilə yanaşı, vətəndaş cəmiyyəti, akademik dairələr, media və ekspert platformaları da inteqrasiya prosesinin fəal iştirakçılarına çevrilirlər.
Geosiyasi baxımdan bu proses Türk Dövlətləri Təşkilatının institusional dayanıqlığını gücləndirən mühüm amildir. Çünki müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin uğuru təkcə siyasi liderlərin iradəsindən deyil, eyni zamanda xalqlar arasında formalaşan qarşılıqlı etimaddan, ortaq kimlik şüurundan və ictimai dəstəkdən asılıdır. QHT-lər məhz bu ictimai dayaqların formalaşmasında mühüm rol oynayır, ortaq layihələr vasitəsilə dövlətlər arasında humanitar körpüləri möhkəmləndirir və Türk dünyasının inteqrasiya gündəminin cəmiyyətlər tərəfindən mənimsənilməsinə töhfə verir.
Azərbaycanın bu prosesdə aparıcı təşəbbüskar kimi çıxış etməsi də təsadüfi deyil. Son illərdə rəsmi Bakı Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın inkişafına ardıcıl dəstək göstərməklə yanaşı, vətəndaş diplomatiyasının institusional əsaslarının formalaşdırılmasına da xüsusi önəm verir. Bakıda keçirilən Həmrəylik Forumları və Naxçıvanda təsis edilən QHT Platforması Azərbaycanın Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş uzunmüddətli strateji baxışının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Macarıstan QHT-lərinin Əməkdaşlıq Forumu” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikirlər və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.






