Qəzza zolağında fəaliyyət göstərən onlarla beynəlxalq qeyri-hökumət təşkilatı (QHT) yeni qeydiyyat tələbləri səbəbindən fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Humanitar təşkilatlar bildirirlər ki, tətbiq olunan yeni qaydalar bölgədə milyonlarla insanın həyati əhəmiyyət daşıyan yardımlara çıxışını daha da çətinləşdirə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, beynəlxalq QHT-lərin yaydığı birgə bəyanatda qeyd olunur ki, yeni prosedurlar təşkilatlardan yerli fələstinli əməkdaşlar barədə geniş həcmdə şəxsi məlumat təqdim etməyi tələb edir. Təşkilatların fikrincə, bu tələblər humanitar fəaliyyət prinsiplərinə ziddir və əməkdaşların təhlükəsizliyini risk altına qoyur.
QHT-lər xəbərdarlıq edirlər ki, qeydiyyatın ləğvi və ya uzadılmaması tibbi yardım, ərzaq təminatı, sığınacaq və təmiz su layihələrinin dayandırılmasına səbəb ola bilər. Bu isə onsuz da ağır humanitar böhran yaşayan Qəzza əhalisinin vəziyyətini daha da pisləşdirəcək.
Humanitar təşkilatlar beynəlxalq ictimaiyyəti məsələyə müdaxilə etməyə çağıraraq, mülki əhalinin siyasi proseslərin deyil, humanitar yardımın prioriteti olmalı olduğunu vurğulayıblar. Onların sözlərinə görə, bölgədə yardım fəaliyyətinin davam etməsi üçün beynəlxalq humanitar hüququn tələblərinə uyğun şərait yaradılması vacibdir.






