Kənan Mərasim evində Müvəkkil Hüquq Mərkəzi və Əhməd Əhmədovun ailə üzvlərinin təşkilatçılığı ilə Sumqayıt hadisələrinin 38-ci ildönümü və bu təxribatın günahsız qurbanı Əhməd Əhmədovun şərəfinə iftar verilmişdir.
QHT.az xəbər verir ki, tədbirdə tanınmış vəkil Əkbər Bağırov bildirmişdir ki, şübhəsiz ki, 1988-ci il Sumqayıt hadisələrinin törədilməsi, həmçinin bir çox günahsız Azərbaycanlıların məsuliyyətə cəlb edilməsi Moskvada yazılmış senari nəticəsində baş tutub. SSRİ Ali Məhkəməsində baş tutan prosesdə Əhməd Əhmədovun baş verən haqsızlıqları birbaşa, cəsarətlə ittihamçı prokurorun və sədrlik edən hakimin üzünə deməsi ona, günahsız olmasına baxmayaraq, barəsində ən ağır cəza, güllələnmə cəzası verilməsinə gətirib çıxarmışdır. Əhməd Əhmədov Qarabağ uğrunda başlayan müharibənin ilk Şəhidlərindən hesab edilməlidir. Əhməd Əhmədovun və bütün Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Şəhid valideyni, Şəhid ailə üzvü olmaq Şərəfli olmaqla bərabər, həm də onların həsrət dolu, əzablı bir həyatları var. Bütün Şəhid ailə üzvlərinin qarşısında baş əyirəm. Bizim xalqımız Qəhrəman xalqdır. 1988-ci ilin fevralında Əsgəranda şəhid olmuş iki Azərbaycanlı gəncin, həmçinin Əhməd Əhmədovun qəhrəmanlıqları ilə başlamış Qarabağ uğrunda müharibə tariximiz Azərbaycan igidlərinin qəhrəmanlıqları ilə doludur. "Təkadamlıq tabor" adlandırılmış Mübariz İbrahimovun, beş gün təkbaşına ermənilərə qarşı döyüşərək taqətdən düşsə də, əsir alınarkən Müqəddəs bayrağımızı buraxmayaraq, Balasanyan kimi erməni canisinin qarşısında oturuşu və baxışları ilə düşməni yenməyi bacaran Natiq Qasımovun, yüzlərlə Azərbaycanlının bənzər qəhrəmanlıqları ikinci Qarabağ müharibəsində qələbəmizi labüd etdi. Bu gün torpaqlarımız tamamilə yağı düşməndən azad edilmiş, bütün günahsızların, o cümlədən Əhməd Əhmədovun qisası mənfur düşməndən alınmışdır. Əhməd Əhmədovun günahsızlığının sübut edilməsində əməyi keçən hər kəsə, o cümlədən bu sahədə geniş tədqiqatlar aparan hörmətli Səməd Vəkilova təşəkkür edirəm. Bu sahədə lazım olan köməklik göstərməyə bir hüquqşünas kimi mən də hazıram. Allah Vətənimizi, xalqımızı qorusun.






