Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşüb.

Görüşdə müharibə ilə əlaqədar əlilliyi olan, Agentliyin reabilitasiya müəssisələrində xidmətlərə cəlb edilən 15-ə yaxın şəxs iştirak edib.

Vüqar Behbudov qazilərin reabilitasiyası, onların fərdi ehtiyaclarına uyğun dəstək tədbirlərinin həyata keçirilməsi və sosial rifahlarının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb.

Qeyd edilib ki, postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 3800-dən çox şəxs reabilitasiya xidmətlərinə cəlb edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatına da xüsusi diqqət yetirilib. Postmüharibə dövründə 500 hərbçiyə 626 yüksək texnologiyalı protez təqdim olunub.

Görüş zamanı müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.