15 oktyabr Azərbaycan tarixində mühüm siyasi hadisə kimi yadda qalan günlərdən biridir. Məhz 15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Həmin seçkidə İlham Əliyev 76,8 faiz səs qazanaraq inamlı qələbə əldə etmişdir. Seçkilərin nəticələri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş və İlham Əliyev Prezident seçilmiş elan olunmuşdur.
Bu tarixə yalnız bir seçki günü kimi deyil, Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi yanaşmaq olar. Çünki 2003-cü ildə ölkə mühüm tarixi-siyasi proseslərin astanasında idi. Ulu Öndər Heydər Əliyevin uzun illər ərzində formalaşdırdığı dövlətçilik ənənələrinin və inkişaf strategiyasının davam etdirilməsi qarşıda duran əsas məsələlərdən biri idi.
İlham Əliyevin siyasi fəaliyyətinin əvvəlki mərhələsi onun dövlət idarəçiliyi və beynəlxalq münasibətlər sahəsində təcrübə qazanmasına imkan vermişdi. O, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və daha sonra Baş nazir kimi fəaliyyət göstərmişdi.
15 oktyabr seçkilərindən sonra isə qarşıda daha böyük məsuliyyət dayanırdı. Yeni Prezidentin qarşısında güclü dövlət idarəçiliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və ən başlıcası, ölkənin ərazi bütövlüyünün bərpası kimi mühüm vəzifələr vardı.
İllər keçdikcə həmin dövrdə müəyyənləşdirilən siyasi və strateji kursun müxtəlif istiqamətlərdə davam etdirildiyini görmək mümkündür. Azərbaycanın iqtisadi və müdafiə potensialının gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi və dövlətçilik institutlarının inkişafı bu mərhələnin əsas istiqamətləri sırasında yer aldı.
Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan 2020-ci il Vətən müharibəsi isə ölkənin müasir tarixində yeni səhifə açdı. 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. Bu hadisə Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik hisslərini daha da gücləndirdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Azərbaycanın qarşısında duran yeni tarixi mərhələnin mühüm göstəricilərindəndir.
Gənclər – dövlətçilik yolunun davamçıları
Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi olaraq hesab edirik ki, dövlətçilik tarixinin öyrənilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunmasına öz töhfəsini verməlidir. Vətənpərvərlik yalnız Vətəni sevmək deyil, həm də onun inkişafı, tərəqqisi və gələcəyi üçün məsuliyyət daşımaqdır.
15 oktyabr 2003-cü ildən keçən illər Azərbaycan tarixində mühüm hadisələrlə zəngin olmuşdur. Bu tarix həm də bizə bir həqiqəti xatırladır: dövlətin gələcəyi siyasi sabitlik, milli birlik, güclü dövlətçilik düşüncəsi və vətəndaş məsuliyyəti üzərində qurulur.
Biz – Azərbaycan gəncləri və vətənpərvər ziyalılar bu tarixi dəyərləri qoruyaraq gələcək nəsillərə ötürməliyik.
15 Oktyabr – Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan xalqının etimadını qazandığı tarixi gündür. Bu tarix müasir Azərbaycanın siyasi salnaməsində özünəməxsus yer tutur.
Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi olaraq Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi və ölkəmizin parlaq gələcəyinin qurulması naminə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) prezidenti Aysunay Həsənova












