15 oktyabr Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm əhəmiyyət daşıyan tarixlərdən biridir. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin sonrakı inkişaf mərhələsinin əsas siyasi hadisələrindən biri kimi tarixə düşüb.

İlham Əliyevin dövlət başçısı seçilməsindən sonrakı dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, ölkənin beynəlxalq nüfuzunun artırılması və milli maraqların qorunması istiqamətində ardıcıl siyasət həyata keçirilib.

Ötən illər ərzində Azərbaycan böyük iqtisadi və sosial layihələrin reallaşdırıldığı, müasir infrastrukturun formalaşdırıldığı, regionların inkişafına xüsusi diqqət yetirildiyi bir ölkəyə çevrilib. Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da genişmiqyaslı quruculuq və abadlıq işlərinin aparılması dövlət siyasətinin mühüm istiqamətlərindən olub.

Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti də ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edib. Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, regional və qlobal layihələrdə fəal iştirak etməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırıb.

Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan ən mühüm tarixi hadisələrdən biri də ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın çoxəsrlik tarixinin ən böyük zəfərlərindən biri oldu. Bu Qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın milli həmrəyliyini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gələcəyə inamının mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin humanist və strateji əhəmiyyətini nümayiş etdirir.

Hesab edirəm ki, Azərbaycanın inkişafı və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. Dövlətimizin müstəqilliyinin qorunması, milli maraqlarımızın müdafiəsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması daim diqqət mərkəzində olmalıdır.

15 oktyabr – Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün ölkəmizin siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu tarix həm də Azərbaycanın gələcək inkişafı, güclü dövlət və milli birlik ideyalarının ətrafında formalaşan siyasi kursun əhəmiyyətini xatırladan günlərdən biridir.

DAVİB olaraq Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və milli dövlətçilik dəyərlərinin daim qorunmasını ən mühüm vəzifələrdən biri hesab edir, ölkəmizin davamlı inkişafına və daha qüdrətli gələcəyinə inanırıq.

Nəsimi Qarabağlı

Novruz oğlu Həsənov

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti