Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransı gənclər arasında qarşılıqlı anlaşma, tolerantlıq və mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədilə beynəlxalq foto və rəsm müsabiqəsinə start verib.

QHT.az xarici mediaya istinadən bildirir ki, müsabiqə 18–25 yaş arası gənclər üçün nəzərdə tutulub və “Dinlərarası dialoq: əməkdaşlıq körpüləri” mövzusuna həsr edilib. Təşəbbüsün əsas məqsədi müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların birgəyaşayışını, qarşılıqlı hörmətini və əməkdaşlığını yaradıcı yanaşmalar vasitəsilə təşviq etməkdir.

Təşkilatçıların bildirdiyinə görə, iştirakçılar dinlərarası dialoq, sülh, həmrəylik və vətəndaş fəallığı mövzularını əks etdirən foto və ya rəsm əsərlərini təqdim edə bilərlər. Münsiflər heyəti işləri ideyanın orijinallığı, yaradıcılıq, mövzuya uyğunluq və sosial mesajın təsir gücünə əsasən qiymətləndirəcək.

Avropa Şurası qeyd edir ki, müsabiqə gənclərin cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, ayrı-seçkiliyin azaldılması və inklüziv dəyərlərin təşviqində daha fəal iştirakını dəstəkləməyə xidmət edir.

Qaliblərin işləri Avropa Şurasının beynəlxalq platformalarında nümayiş etdiriləcək və müəlliflərə xüsusi sertifikatlar təqdim olunacaq. Təşkilat ümid edir ki, bu təşəbbüs müxtəlif ölkələrdən olan gənclər arasında dialoqu gücləndirəcək və sülh mədəniyyətinin inkişafına töhfə verəcək.