“İlk qrant layihəmiz əsasında 1-ci Qarabağ savaşında Şəhidlik zirvəsinə yüksələn Xankəndi sakinlərinin siyahisi tənzimləndi. Şəhidlərimizin sayı 34 nəfərdən ibarət olaraq göstərilirdi, İctimai Birliyin axtarışı nəticəsində say 87 - yə çatdırıldı və hər birinin şəkli əsasında stendlər düzəltdirildi. Xankəndi şəhəri haqqında, onun azərbaycanlı sakinləri barədə sosial şəbəkələrdə məlumat yox dərəcəsində idi. İctimai Birlik ilk olaraq 2 hussəli “Xankəndi” sənədli filmi Azərbaycan və ingilis dillərində layihəsini həyata keçirdi. Xankəndi şəhərinin arxivi bizim İctimai Birliyin gördüyü, həyata keçirdiyi layihələr əsasında yaradılıb”.
Bu fikri “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva QHT.az-a açıqlamasında bildirib. 35 illik köçkün həyatımızda bir an da olsa qayıdışımıza inamımızı itirmədiyini vurğulayan QHT sədri Birliyin şüari Biz Qayıdacağıq! idi və Biz Qayıtdıq! dedi: “Böyük Qayıdışa qədər hər il müxtəlif bölgələrdə məskunlaşmaqlarına baxmayaraq sakinlərlə görüşlər keçirilib, həyata keçirdiyimiz layihələrin təqdimatları mütləq Xankəndi sakinləri yaşayan rayonlarda həyata keçirilib. 2020-ci il Vətən Müharibəsi zamanı 3 nəfər sakinimiz Şəhidlik zirvəsinə yüksəldi.Qəhrəman Şəhidlər haqqında “Xankəndi — Vətən Şəhidləri” filmi çəkildi. İşlədiyimiz layihələr Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirilib. Layihələrimiz QHT - nin nizamnaməsi və adına uyğun olaraq tərtib edilib və icra olunub. İctimai Birliyimiz yalnız layihələr əsasında fəaliyyət göstərmir. Biz il boyu sakinlərimizlə əlaqə saxlayır, onlarla yerlərdə görüşür və hər zaman yanlarında oluruq”.
Bu gün əsas missiyalarının insanları Böyük Qayıdışa hazırlamaq olduğunu söyləyən Xatirə Vəliyeva bu istiqamətdə işlərin, görüşlərin çox olduğunu da bildirib: “35 illik həsrətin sonu çatıb, ağrılarımıza, acılarımıza baxmayaraq çox tələsirik evimizə obamıza köç etməyə. Hər zaman yorulmadan, usanmadan, Təşkilatın bütün üzvlərinin, könüllülərinin suallarını cavablandırmağı, problemlərini həllinə dəstək olmağı özümüzə mənəvi borc bilmişik və dəstək olmuşuq. Önümüzdə olan aylarda işlərimiz daha çox və daha məsuliyyətlidi. İşimizlə insanların inamını, etimadını qazanmışıq. İstəyimiz qazandığımız bu etimadı, etibarı doğrultmaqdır. Yolumuz Xankəndiyə, arzularımızın həyata keçəcəyi şəhərədi! İşimiz avand olsun”.
Qeyd edək ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi 20 iyun 2013- cü ildə təsis olunub. Təsis olunduğu ildən öncə də könüllü olaraq fəaliyyət göstərib. Təşkilatımızın əsas məqsədi 1988- ci ildən Azərbaycanın 41 rayonunda məskunlaşan, köçkünlük həyatı yaşamağa məcbur olan sakinlərin sayının itirilməməsinə nail olmaq, onların maddi, mənəvi və sosial problemlərinin həllinə dəstək olmaqdan ibarət olub.
Pərvanə Fərhadqızı












