Şərikli bizneslərin uğurlu olması üçün quruluş mərhələsindən etibarən nizamlı planlama və gələcəkdə yarana biləcək problemlərin həll yollarının əvvəlcədən müəyyənləşdirilməsi vacibdir. Bu mövzuda İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyevdən müsahibə aldıq. O, şərikli bizneslərin qurulması, idarə edilməsi və ləğvi zamanı diqqət yetirilməli olan mühüm məqamları bölüşərək, uğurlu ortaqlıq biznesləri üçün faydalı tövsiyələr təqdim etdi.

 

QHT.az: Şərikli biznesinin ləğvi zamanı yaranan problemlərin qarşısını almaq üçün hansı addımları atmaq lazımdır?

Ruslan Atakişiyev: Şərikli biznesin qurulması qədər onun ləğvi prosesində də əvvəlcədən dəqiq razılaşmaların olması çox vacibdir. Şərikli biznes qurularkən nizamnamələrdə yalnız təsis prosesi deyil, həm də ləğv yolları və ortaqların ayrılma metodları əks olunmalıdır. Bu, həm müəssisədaxili ortaqlıq kodekslərində, həm də təsisçi müqavilələrində öz əksini tapmalıdır.

Biznesin bölünməsi zamanı mübahisələrdən qaçmaq üçün mütəxəssislərin – qiymətləndiricilər, maliyyə və idarəetmə üzrə ekspertlərin cəlb edilməsi önəmlidir. Bəzən tərəflər problemləri birbaşa məhkəməyə çıxarır. Halbuki, bu mərhələyə çatmadan peşəkar məsləhətlərlə məsələni həll etmək daha məqsədəuyğun olar.

 

QHT.az: Ortaqlıq bizneslərinin uğursuzluq hallarını azaltmaq üçün hansı strategiyaları təklif edirsiniz?

Ruslan Atakişiyev: Biznes ortaqlıqlarının uğursuzluq ehtimalını azaltmaq üçün müəssisədaxili korporativ idarəetmə standartlarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Şirkətin kodeksi hazırlanmalı və bütün tərəflərin maraqları burada əks olunmalıdır. Bundan əlavə, tərəflərin vəzifələri, məsuliyyətləri və öhdəlikləri hüquqi baxımdan dəqiq müəyyənləşdirilməlidir.

Sosial tədbirlərin keçirilməsi də vacib amildir. Ortaqlıqlarda ailə üzvləri kimi maraqlı tərəflərin də fikirlərinin nəzərə alınması lazımdır. Onların müəssisəyə olan münasibətini inkişaf etdirmək və sosial yönümlü tədbirlər təşkil etmək bu məsələdə önəmli rol oynayır.

 

QHT.az: Biznesdə ortaqlar arasında yarana biləcək konfliktlərin effektiv həlli yolları nələrdir?

Ruslan Atakişiyev: Ortaqlar arasında konfliktlərin effektiv həlli üçün peşəkar mütəxəssislərin cəlb olunması önəmlidir. Müzakirələrə hər iki tərəfə loyal olan şəxslər və biznes sahəsində təcrübəsi olan mütəxəssislər qatılmalıdır. Təəssüf ki, bəzən bu işlərdə təcrübəsiz şəxslərə müraciət olunur ki, bu da vəziyyəti daha da çətinləşdirə bilər.

Konfliktlərin qarşısını almaq üçün mütəmadi olaraq – məsələn, ildə bir dəfə mütəxəssislər tərəfindən auditlər təşkil edilməli və vəziyyət qiymətləndirilməlidir. Beləliklə, potensial problemlər vaxtında aşkar edilərək həll edilə bilər.

 

Pərvanə Fərhadqızı

QHT.az