Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
QHT.az xəbər verir ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Neftçala rayonunun Şirvanlı kəndində, Xaçmaz rayonunun İstisu qəsəbəsində, Astara rayonunun Qamışoba kəndində və Mingəçevir su anbarının Mingəçevir şəhəri ərazisinə düşən sahilində təşkil edilib.
Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib. Sonda sözügedən gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.