Xəbərlər 01.07.2025 23:30 19

Beynəlxalq Avrasiya Mətbuat Fondu QHT-lər üçün silsilə təlimlərə start verib

İyulun 1-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin açılış tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Milli QHT Forumunun prezidenti Ramil İskəndərli layihəyə marağının yüksək olduğunu qeyd edib.

O, forum olaraq hər zaman bu cür önəmli və faydalı layihələrin həyata keçirilməsini dəstəklədiklərini bildirib: “Sevindirici haldır ki, QHT-lərimiz beynəlxalq səviyyədə təmsil olunmaqda maraqlıdırlar və bu təlimlərdə iştirak edirlər. Son zamanlar QHT-lərimizin xüsusi fəallığını ayrıca qeyd etmək istərdim. Artıq Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları öz səsini qlobal səviyyəyə daşıyır və müxtəlif platformalarda təmsil olunmağa can atırlar”.

Daha sonra BAMF prezidenti Umud Mirzəyev çıxış edərək, QHT-lərin beynəlxalq platformalarda təmsilçilik imkanlarından və layihənin əhəmiyyətindən danışıb: “Bu gün sürətlə dəyişən dünyada qeyri-hökumət təşkilatlarının şəbəkələşməsi və müxtəlif sahələr üzrə fəal iştirakı qlobal səviyyədə sülh, ədalət və dayanıqlı inkişaf məqsədlərinin təşviqində mühüm rol oynayır. QHT-lər beynəlxalq platformalarda öz səslərini çatdırmaqla yalnız yerli cəmiyyətlərə deyil, həm də bütün bəşəriyyətə töhfə verirlər. Xüsusən, BMT kimi nüfuzlu və sistemləşmiş bir qurumda təmsil olunmaq daha böyük təsir yarada və konkret nəticələr verə bilir. Bu layihəmizin də əsas məqsədi yerli QHT-lərə öz təsir dairələrini genişlətməyə, beynəlxalq platformalarda təmsil olunmağa, xüsusilə BMT-nin İqtisadi və Sosial şurasında üzvlük qazanmağa dəstək olmaqdır. Bu gün həqiqətən də Azərbaycan QHT-lərinin qlobal səviyyədə təmsil olunması üçün real imkanlar və möhkəm təməl mövcuddur”.

Çıxışların ardınca reqlamentə uyğun olaraq, insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən ilk təlim keçirilib. BMT-nin müqavilə və nizamnamə mexanizmlərinə həsr olunan birinci sessiyada sorğu vasitəsilə seçilmiş 20 QHT nümayəndəsi iştirak edib.

Təlimin sonunda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə məsul əməkdaşı Mehti Mehtiyev təmsil etdiyi qurumun bu istiqamətdə olan strategiyasından danışıb: “Agentlik olaraq son illər beynəlxalq istiqamətdə atılan addımlara və təşəbbüslərə xüsusi diqqət ayırırıq. Ötən ilin noyabrında keçirilən COP29 konfransında və bu il baş tutan Qlobal Cənub Platformasında agentlik QHT-lərin fəaliyyətinə maksimum dəstək verməyə çalışdı. Bu qarşılıqlı əməkdaşlıq nəticəsində biz çox yaxşı nəticələr əldə etdik. İnanırıq ki, bu layihə də həmin təşəbbüslərdən biri kimi öz sözünü deyəcək”.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Ümumilikdə 12 sessiya nəzərdə tutulan təlimlər avqust ayının sonunadək davam edəcək. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı