Xəbərlər 03.07.2025 10:42 114

QHT sədri: “Qanun dəyişiklikləri QHT sektorunda yeni dövr başlada bilər”

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva Milli Məclisdə QHT-lərlə bağlı müzakirəyə çıxarılan qanun layihəsinə münasibət bildirib.

QHT.az-a açıqlamasında sədr qeyd edib ki, qanuna ediləcək dəyişikliklər və əlavələr vətəndaş cəmiyyəti institutları üçün yeni imkanlar yarada və sektorda keyfiyyətli rəqabət mühitinin formalaşmasına təkan verə bilər:

"Milli Məclisdə QHT-lərlə bağlı qanun müzakirə olunur və dəyişikliklər gözlənilir. Düşünürəm ki, bu dəyişikliklərlə QHT sektorunda yeni bir dövr başlayacaq. Mən bir QHT rəhbəri olaraq, 30 illik vətəndaş cəmiyyəti fəaliyyətimi nəzərə alaraq, bu sahədə müxtəlif mərhələlərə şahidlik etmişəm. Çox istəyirəm ki, QHT-lər arasında sağlam rəqabət mühiti formalaşsın və bunun üçün münbit şərait yaradılsın. Qanuna ediləcək dəyişikliklər QHT-lərin fəaliyyət imkanlarını genişləndirməlidir. Bu sahənin potensialı yüksəkdir. Məsələn, 2021-ci ildə Agentliyin yaradılmasından sonra son iki ildə QHT sektorunda dinamik inkişaf müşahidə olunub. Qanunda nəzərdə tutulan dəyişikliklər və əlavələr də məhz bu inkişafı dəstəkləyən bir hüquqi baza formalaşdırmalıdır. Lakin bu mərhələdə QHT-lərin öz üzərinə düşən məsuliyyəti də unutmamaq lazımdır. QHT-lər peşəkarlığını artırmalı, rəqabətə dayanıqlı olmalı, vizionlarını genişləndirməli və müasir yanaşmalara bələd olmalıdırlar. Onlar həmçinin dövlət siyasətinin prioritet istiqamətlərini bilməli və vətəndaşla dövlət arasında körpü rolunu effektiv şəkildə yerinə yetirməlidirlər."

Zülfiyyə Nuriyeva qanuna ediləcək dəyişikliklərə böyük ümid bəslədiyini, bu dəyişikliklərin QHT sektorunda keyfiyyətin və effektivliyin artmasına səbəb olacağını da bildirib:

"Əsas məqsədimiz əhalinin, xüsusilə gənclərin inkişafında aktiv rol oynamaqdır. Bu rolu elə həyata keçirməliyik ki, vətəndaş bizim fəaliyyətimizdən real fayda əldə etsin. Yalnız layihə icra edən deyil, davamlı təsir yaradan təşkilatlara çevrilməliyik."

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı