Susmayan səslər: Qadınların insan alveri və məişət zorakılığından sağalma hekayələri
Hər gün yanımızdan keçən qadınların bəziləri gülümsəsə də, gözlərində ağır bir sükut var. Bu sükut nəinki səslənməyən çarəsizlikdir, həm də bir yardım çağırışıdır. Onlar nə dediklərini demirlər, çünki çox zaman dinlənməyəcəklərini, ya da daha betərinə məruz qalacaqlarını bilirlər.
Bu gün Azərbaycanda insan alveri və məişət zorakılığı təkcə hüquqi yox, eyni zamanda ciddi bir psixoloji problemdir. Hər iki halda insanın iradəsi, şəxsiyyəti və azadlığı əlindən alınır. Ən acı tərəfi isə – bu halların qurbanlarının əksəriyyəti qadınlardır.
İnsan alveri: bədəni satılan yox, ruhu susdurulan qadınlar
İnsan alveri dedikdə bir çoxları yalnız fiziki istismarı düşünür. Lakin prosesin psixoloji yönü daha da təhlükəlidir. Bu qadınlar illərlə manipulyasiya edilir, qorxu, təhdid və şantaj vasitəsilə itaətə məcbur olunurlar. Onlar öz seçimlərini itirir, psixoloji olaraq “məcbur edilmiş razılıq” vəziyyətinə düşürlər.
Bizim praktiki işimizdə insan alverinə məruz qalmış pasiyentlərdə aşağıdakı simptomlara rast gəlinib:
• Özünü günahlandırma və dəyərsizləşdirmə
• Yuxusuzluq, panik ataklar, dissosiasiya
• Sosial fobiyalar, etimadsızlıq, izolyasiya meyli
• Zorakı ilə emosional bağ (travma bağı)
Bu hallarda travma yönümlü psixoloji dəstək vacibdir. Biz seanslarda öncə təhlükəsiz bir münasibət qurmağa çalışırıq. Qurban özünü mühakiməsiz bir məkanda hiss etdikdə yavaş-yavaş danışmağa, daxili ağrını ifadə etməyə başlayır.
Məişət zorakılığı: divar arxasında boğulan səslər
Məişət zorakılığı sadəcə fiziki deyil – çox vaxt psixoloji və iqtisadi formada görünür. Qadının nə geyinəcəyinə, kimlə danışacağına, nə zaman hara gedəcəyinə qərar verən bir həyat yoldaşı – artıq zorakı biridir. Əgər qadın “o hirslənməsin deyə səsini çıxarmırsa”, bu, susqunluq yox, qorxu və məcburiyyətdir.
Təcrübəmizdə belə hallarla qarşılaşan qadınlara tətbiq edilən psixoloji yanaşmalarda əsas addımlar bunlar olub:
1. Zorakılığın tanıdılması və adlandırılması – “Bu sənin günahın deyil” cümləsi bəzən möcüzə təsiri yaradır
2. Şəxsi sərhədlərin bərpası
3. Emosional gücləndirmə texnikaları – İdentitet itkisini geri qaytarmaq
4. Hüquqi dəstəyə yönləndirmə ilə paralel psixoloji dəstək.
Nəticə: sağalmaq mümkündür. Hər sağalan qadın – həm də gələcəkdə zorakılığa məruz qalmaq riski olan bir digər qadının ümididir. Bizim praktikada zorakılıqdan çıxıb normal münasibətlər qura bilən, yenidən işləyib övladını böyüdən, özünü tanıyıb dəyər verən qadınlar var. Bu dəyişimin ilk addımı eşidilmək və inandırılmaqdır ki, çıxış yolu var. Bu yazının məqsədi bir çağırışdır – sadəcə statistika yox, insan hekayələrini görmək. Əgər kimsə dinlənilmirsə, o susmaq məcburiyyətində qalır. Amma biz – psixoloqlar, sosial işçilər, media nümayəndələri – birlikdə danışdıra bilərik bu səssizliyi. Çünki susan hər qadın – cəmiyyətin ürəyində səssizcə yanan bir aləmdir.
Samirə İsmayılova
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu