Xəbərlər 18.06.2025 17:37 40

Əmək qanunvericiliyindəki dəyişikliklər işəgötürən öhdəliklərinə stimul yaradır- FOTOLAR

Son dövrlər əmək qanunvericiliyinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafına xidmət etməklə yanaşı, işəgötürənlərə münasibətdə daha humanist yanaşmaları özündə əks etdirir.

QHT.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin açılışı zamanı çıxışında bildirib.

O qeyd edib ki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq edilməsinin dairəsi genişləndirilərək belə maddələrin sayı 10-a çatdırılıb. Həmin maddələr üzrə pozuntulara yol verən işəgötürənlərə onların aradan qaldırılması üçün vaxt verilir, işçilərin əmək hüquqları bərpa edildikdə işəgötürən cərimə ödəməkdən azad olunur. Bu həm də işçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini yerinə yetirməsinə əlavə stimul yaradır.

Nazir əlavə olaraq bəzi inzibati cərimələrin də şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsinin hazırlanmaqda olduğunu bildirib. Anar Əliyev bu ilin əvvəlindən icra olunan növbəti, 2018-ci ildən 5-ci sosial islahat paketi üzrə 3 milyon insanı əhatə edən əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə artımlar edildiyini, bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrıldığını deyib.

O, Vətən müharibəsindən sonra sosial dəstək paketi üzrə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar, müharibə veteranlarından ibarət 131 minədək şəxsə 388 min sosial xidmət göstərildiyini, sosial ödənişlərin orta hesabla 2 dəfə artırıldığını qeyd edib. Son illərdə 2 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu, o cümlədən 750 mindən çox şəxsin münasib işlə təmin edildiyini, 103 mindən çox şəxsin özünüməşğulluq proqramına, 45,6 min şəxsin peşə hazırlığına cəlb olunduğunu bildirib.

Nazir “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi üzərindən artıq təxminən 1,6 milyondan artıq əmək müqaviləsinin e-qaydada bağlandığını, bunun da mövcud əmək müqavilələrinin 87 faizini təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkə üzrə bütün vakansiyaların ƏMAS-da vahid platformada cəmlənməsi işsiz və işaxtaranların məşğulluq imkanlarını genişləndirməyə və əmək bazarında dinamikliyə müsbət təsir göstərir.

 “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün önəmindən bəhs edən nazir Anar Əliyev bildirib ki, layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır. Qiymətləndirmələr nəticəsində mövcud boşluqlar aşkar edildikdə onların həlli üçün tövsiyələr verilir və müvafiq təlimlər təşkil olunur. Bu zaman aşkar olunan pozuntularla bağlı hər hansı bir məsuliyyət tədbiri də tətbiq edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin bu ilki tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır. 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərini nümayiş etdirdiyi sərgidə Dövlət Məşğulluq Agentliyi ayrıca stend ilə təmsil olunur, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri də təqdim edilir. 

Dövlət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin iştirakçıları yerli şirkətlərin sərgidə nümayiş etdirilən məhsul və xidmətləri ilə tanış olublar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı