“QHT-lərarası resurs bölüşümü yerli sektorun inkişafını təşviq edir” - QHT sədri
28 aprel 2025-ci il tarixində Bakıda Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları (QHT) Forumu təsis olunub. Dünyanın 112 ölkəsindən müxtəlif QHT-lərin iştirak etdiyi bu tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və qlobal vətəndaş cəmiyyəti ilə əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verib.
Mövzu ilə bağlı QHT.az-a açıqlama verən Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, Bakının belə bir tədbirə ev sahibliyi etməsi həm diplomatik baxımdan, həm də ictimai sektorun inkişafı nöqteyi-nəzərindən əhəmiyyətlidir:
"Eyni zamanda, Milli Qeyri-Hökumət Təşkilatları Forumu COP29 dövründə bu beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoyaraq, Azərbaycanın beynəlxalq imicinin güclənməsində xüsusi paya malikdir. Bildirək ki, yerli səviyyədə artıq Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvü olan xeyli sayda QHT fəaliyyət göstərir, yeni üzvlər əlavə olunub və bu qurum yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu baxımdan, Forumun üzv QHT-lərə göstərdiyi dəstək, o cümlədən öz ofisində və iclas zallarında konfransların təşkili, tədbirlərin keçirilməsi və imkanların paylaşılması yerli QHT-lərin resurs potensialının artması kimi dəyərləndirilə bilər".
Sonda QHT sədri qeyd edib ki, ortaq resursların istifadəyə verilməsi və dəstək mexanizmlərinin gücləndirilməsi qeyri-hökumət sektorunun davamlı inkişafı üçün mühüm faktordur:
"Hesab edirəm ki, ortaq resurslara sahib olmağımız və bu imkanların yerli üzv QHT-lərə açılması qeyri-hökumət sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır".
Pərvanə Fərhadqızı
QHT.az