Xəbərlər 20.05.2025 10:41 75

İlqar Hüseynli: “Milli QHT Forumu beynəlxalq səviyyədə tanınan quruma çevrilir”

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az saytına açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun bir illik fəaliyyətinə dair keçirilmiş hesabat toplantısına münasibət bildirib.

İlqar Hüseynli qeyd edib ki, tədbirdə irəli sürülən tezisləri və çıxışları diqqətlə izləyib və Forumun ötən bir il ərzində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini vurğulayıb:

“Yeni trendlər formalaşıb, müxtəlif səpkili, yerli səviyyədə geniş ictimai müzakirələr və dinləmələr keçirilib. Cəmiyyətin geniş təbəqələrində Forumun tanınması və nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb. İkinci mühüm məqam isə ondan ibarətdir ki, Milli QHT Forumu artıq beynəlxalq səviyyədə fəaliyyət göstərən bir quruma çevrilib. Bu isə o deməkdir ki, Forum yalnız yerli partnyorlarla deyil, beynəlxalq partnyorlarla da əməkdaşlıq etməyə başlayıb. Eyni zamanda, Forumun tərkibində təmsil olunan QHT-lərlə digər ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq imkanlarının yaradılmasında da mühüm rol oynayır. Milli Qeyri-Hökumət Təşkilatları Forumu bu mənada çox uğurlu fəaliyyət göstərir və mən Forumun fəaliyyətini müsbət qiymətləndirirəm. Xüsusilə COP29 kimi beynəlxalq əhəmiyyətli bir tədbir zamanı Forumun fəaliyyəti geniş miqyaslı olub və beynəlxalq QHT-lərin əlaqələndirilməsi sahəsində aparıcı rola malik olub. Hesab edirəm ki, bu trend davam etdirilməlidir”.

QHT sədri eyni zamanda Forumun idarəetmə sisteminin çevik və işlək olduğunu vurğulayıb:

"Forumda çevik və işlək idarəetmə sistemi formalaşdırılıb. İdarə Heyətinin tərkibində artıq əvvəlki dövrlərdən fərqli olaraq Milli Məclisin iki deputatı təmsil olunur. Bu da qeyri-hökumət təşkilatlarının qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi və onların birbaşa parlamentə çatdırılması imkanlarını artırır. Nəticə etibarilə mən hesab edirəm ki, həm yerli, həm də beynəlxalq səviyyədə Forumun bu istiqamətlərdə fəaliyyətini davam etdirməsi olduqca müsbətdir. Əminəm ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumu gələcəkdə Avropa İttifaqına üzv olan ölkələrin qeyri-hökumət təşkilatları ilə də geniş əməkdaşlıq imkanları əldə edəcək və bu, həmçinin yerli QHT-lərin fəaliyyətinin genişlənməsinə də dəstək olacaq".

Ardı var...

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı