“"Böyük Qayıdış” çərçivəsində püşkatmalar şəffaf və ədalətli əsaslarla keçirilir" - Aqil Camal
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camal işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə dair QHT.az saytına açıqlama verib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş rayonlarımıza “Böyük Qayıdış” konsepsiyası çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir:
"Demək olar ki, hər həftə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni salınan və ya təmir olunan yaşayış məntəqələrinə məcburi köçkünlərin köçürülməsi ilə bağlı püşkatmalar keçirilir. Mən özüm Qaçqınkom yanında İctimai Şuranın üzvü olaraq dəfələrlə bu cür püşkatmalarda iştirak etmişəm. Ən son, dünən Laçın rayonunun Bəyli kəndindən olan sakinlər arasında püşkatma keçirilib. Tam səmimiyyətlə deyə bilərəm ki, istər indiyə qədərki, istərsə də dünən keçirilən püşkatmalarda köçkünlər tərəfindən – nə püşkatmanın gedişatı, nə də püşkatma nəticəsində düşən evlərlə bağlı – hər hansı bir narazılıq ifadə olunmayıb".

Aqil Camalın sözlərinə görə, püşkatmada sadəcə olaraq həmin ailəyə hansı evin düşəcəyi təyin edilir:
"Əvvəlcədən müəyyən edilmiş prosedurlar əsasında köç prosesində iştirak edən ailələrin tərkibi müəyyənləşdirilir və bu əsasda onlara uyğun sayda otaqlı mənzillərin verilməsi əvvəlcədən bəlli olur. Bu baxımdan, püşkatmada iştirak edən məcburi köçkünlər – bizim həmvətənlərimiz – onlara düşən evi bir növ taleyin verdiyi şans, bir qismət kimi qəbul edirlər. Ola bilər ki, köçdükləri kənddə arzuladıqları ərazidə yerləşən evə sahib ola bilməsinlər və yaxud da işğaldan əvvəlki evlərinin yerində yeni ev tikilməmiş olsun. Lakin bu kimi xırdalıqlara çox gedilsə, hazırda həyata keçirilən bu möhtəşəm “Böyük Qayıdış” layihəsinin icrasında müəyyən gecikmələr yarana bilər. Bu səbəbdən hesab edirəm ki, tətbiq olunan prosedurlar həm məntiqlidir, həm də ədalətlidir. Çox şükür ki, soydaşlarımız da bu seçim sisteminə anlayışla yanaşır və onu qəbul edirlər".
Pərvanə Fərhadqızı
QHT.az