Esmira Rəhimova: "Qadın sahibkarlar iş-ailə balansında daha çox çətinlik çəkirlər"
“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a verdiyi açıqlamada ailə institutunun sahibkarlıq fəaliyyətinə təsirlərinə dair diqqətçəkən məqamları bölüşüb.
O qeyd edib ki, ailə həyatın fundamental sferası olmaqla yanaşı, sahibkarlıqda da mühüm rol oynaya bilər. Esmira Rəhimovanın sözlərinə görə, elmi mənbələrin əksəriyyəti ailəli olmağın biznes və sahibkarlıq sahəsində uğura müsbət təsir etdiyini göstərir:
"Aparılmış bir sorğu göstərir ki, həyat yoldaşının olması kişi sahibkarlar üçün faydalı olsa da, qadınlar üçün bu, bəzən problem mənbəyinə çevrilə bilər. Qadınlar sahibkarlıqla yanaşı, ev işlərinin yükünü və analığın gətirdiyi öhdəlikləri də daşıyırlar ki, bu da onların bizneslərini genişləndirmək imkanlarını məhdudlaşdırır. Lakin “ailə sahibkarlığı” sahibkara planlı olmağa, vaxtını səmərəli idarə etməyə və fokusunu məqsədlərinə yönəltməyə kömək edir. Xüsusilə ər-arvad münasibətləri olan cütlüklər diqqətlərini birgə şəkildə öz müəssisələrinə yönəltməyə daha meylli olurlar. Araşdırmalar göstərir ki, onlardan uğurlarının səbəbi soruşulduqda belə cavab verirlər: "Uğurumuzda müəyyənedici, əsas amil həyat yoldaşlarımızın çox dəstəkləyici və ağıllı olması idi. Biz onlarla bir çox mövzuda söhbət edə bilirdik və bu, həyatımızda böyük fərq yaratdı."
Bununla belə, qadın sahibkarların kişi həmkarlarına nisbətən ailə dəstəyindən daha az faydalandıqları qeyd edilir. QHT sədri bildirir ki, qadınlar ailə ilə bağlı öhdəliklər və iş həyatı arasında balans yaratmaqda daha çox çətinliklə üzləşirlər. Esmira Rəhimovanın açıqlamaları ailə və sahibkarlıq münasibətlərinə yeni baxış bucağı təqdim edir və xüsusilə qadın sahibkarların dəstəklənməsinin zəruriliyini bir daha gündəmə gətirir:
“Qadınlar ailədaxili əməyin qeyri-bərabər bölgüsündən daha çox təsirlənirlər və kişi sahibkarlarla müqayisədə ev və ailə ilə bağlı işlərə daha çox vaxt sərf edirlər. İş-ailə münaqişəsi səbəbindən qadın sahibkarlar daha çox əziyyət çəkirlər ki, bu da onların bizneslərinin kişi həmkarlarına nisbətən daha yavaş inkişaf etməsinə səbəb olur”.
Pərvanə Fərhadqızı
QHT.az