Xəbərlər 25.04.2025 14:20 70

Tibb mütəxəssislərinin sertifikasiyası sahəsində yeni mərhələ: Deputat yazır

Bugün Milli Məclisin Səhiyyə Komitəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinə baxılıb.

Hazırkı qanun layihəsi tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı bir çox müsbət dəyişiklikləri özündə ehtiva edir. Layihədə əks olunması təklif olunan bəzi məsələlər əvvəllər yalnız Səhiyyə Nazirliyinin qəbul etdiyi normativ sənədlərdə (yəni nazirliyin verdiyi qərarlarla) tənzimlənirdi. Yəni daha aşağı hüquqi qüvvəyə malik idi. Söhbət səhiyyə sahəsində sertifikasiya, verilən kredit ballarından (məsələn, tibbi təhsil və ya davamlı inkişaf üçün toplanan ballar) və onların nə cür yoxlanıldığı və hesablandığından, sınaq imtahanı və s-dən gedir. Bu kimi qaydalar qanunla tənzimlənmirdi. Qanunla tənzimlənmə sui-istifadə hallarından yayınmağa imkan verir və daha aydındır.

Qanun layihəsində beynəlxalq təcrübəyə istinad olunmuşdur. Belə ki, Dünya Tibb Təhsili Federasiyası tərəfindən standartları hazırlanaraq tövsiyə edilən davamlı peşəkar inkişafın (DPİ) tətbiqi təklif olunur. 

Qanun layihəsində təklif edilən dəyişiklik və əlavələr içərisində diqqət çəkən bir neçə müsbət məqam var: İxtisas dəyişmə ilə bağlı müddəaların artıq qanundan çıxarılması, sertifikasiyadan keçməyin 2 seçim yolunun təklif edilməsi

Son dövrlərdə həkimlərin ixtisas dəyişdirərək daha çox plastik cərrahiyyə ixtisaslarına yönəlməsinin və bunun ağır fəsadlarının şahidi oluruq. Bu səbəbdən bu hallara sertifikasiya ilə yol verilməməsi məqsədəuyğundur. Şəxs ixtisas dəyişmək istəyirsə, həmin ixtisas üzrə rezidentura keçdikdən sonra bu sahə ilə məşğul ola bilər.  Sertifikasiyanın həyata keçirilməsi üçün təklif olunan yeni üsulla praktiki tibb fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəxslər davamlı peşəkar inkişaf (DPİ) üsulu ilə elmi, pedoqoji, tədris fəaliyyətləri həyata keçirməlidir. Onlara bu fəaliyyətlərə görə kredit balları veriləcək. Yəni tibb işçisi praktiki tibb fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldursa, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirak edir, məqalələri elmi jurnallarda dərc olunursa, bu, ona kredit balı qazandıracaq. Həmçinin, ali və ya peşə-ixtisas təhsil müəssisəsində və ya digər mərkəzlərdə pedoqoji və tədris fəaliyyəti ilə məşğuldursa, bunun üçün kredit balı veriləcəkdir.

Beləliklə də, tibb mütəxəssisləri yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşdırmayaraq onlara peşəkar inkişaf üçün daha geniş imkanlar yaradılır və onlar daim öz üzərində işləməyə motivasiya edilir. Həmçinin, tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır. Sertifikasiya üçün təklif olunan ənənəvi üsul isə sertifikasiya imtahanından keçməkdir. Hazırki qanun layihəsi isə sertifikasiya şəhadətnaməsi əldə etmək üçün daha çevik və effektiv yanaşma təklif edir. DPİ üzrə fəaliyyətləri olmayan, elmi, pedoqoji, tədris fəaliyyətləri olmayan və ya bu fəaliyyətlərdən minimum kredit balı toplayan şəxslər də imtahandan keçərək şəhadətnamə ala bilər. Onu da qeyd edim ki, dəyişikliklər orta tibb işçilərinə də şamil edilir.

Qanunda daha bir yenilik isə sertifikasiyadan keçə bilməyən tibb mütəxəssislərinin iş yerinin və vəzifə maaşının qrafik üzrə 6 ay müddətində saxlanılmasıdır ki, bu da tibb mütəxəssislərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə daxildir.

 

Pərvanə Vəliyeva

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı