Sevinc Cəfərova: "Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği prioritetimizdir"
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir. Milli-mənəvi dəyərlərimizin xalqımızın formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli-mənəvi dəyərlərin qorunması xalqımızın, dövlətimizin inkişafına, möhkəmlənməsinə daha da müsbət təsir edir. Hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə və təbliğ edilməlidir. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini nümayiş etdirib və bu dəyərləri əsrlərlə yaşadaraq inkişaf etdirib, gənc nəsil arasında təbliğ edib.
Bunu QHT.az-a açıqlamasında “Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova deyib. O bildirib ki, 2016-cı ildən fəaliyyətdə olan "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin də əsas məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə yardım etməkdir: “Birliyimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir. Azərbaycan tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verir və daim müvafiq sahədə maarifləndirmə işləri aparır”.
Sevinc Cəfərova qeyd edib ki, milli-mənəvi dəyərlərin təbliğini əsas prioritet hesab edən Birlik 2025-ci ildə də bu istiqamətdə işini davam etdirəcək:
“Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində gənclər arasında maarifləndirici tədbirlər, layihələr həyata keçirmək: "Birliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bu günədək qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bu günədək qorunub saxlanılıb. Eyni zamanda bundan sonra da bu dəyərlərimiz qorunmalı və ciddi şəkildə təbliğ edilməlidir. Birlik bu istiqamətdə üzərinə düşən milli-mənəvi dəyərlərinin təbliğinə yardım etmək işini növbəti ildə də uğurla davam etdirəcək”.