İtaliyadan səslənən mühüm mesajlar
İtaliyadan səslənən mühüm mesajlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumuna dəvət edilməsi ölkəmizin və onun rəhbərinin qazandığı nüfuza və etibarlı tərəfdaş statusuna hörmətin ifadəsidir, desək yanılmarıq.
Forum çərçivəsində “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada dövlətimizin başçısı çıxışında ölkəsinin bu ssenariyə uyğun olaraq hansı mövqedə olduğu barədə ətraflı danışdı.
“Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.” – Müzəffər Liderimizin çıxışı zamanı 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfəri bu cür xarakterizə etməsi hər bir azərbaycanlının sahibləndiyi milli ideologiyanın bir parçasıdır.
Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçiriləcəyini gündəmə gətirən möhtərəm prezidentimiz vurğulayıb ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.
Sessiyada çıxışı zamanı dialoq mövzusuna toxunan cənab İlham Əliyev qeyd edib ki, biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.
Avropa ölkələri ilə fəal əməkdaşlığdan bəhs edən Azərbaycan Prezidentinin çıxışında diqqət çəkən əsas məqamlar da olub. İlham Əliyev bildirib ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.
Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var.
O, əlavə edib ki, bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur...
Sessiya zamanı Azərbaycan torpağında separatçılığın kökü kəsildikdən sonra dövlətimizə qarşı qərəzli mövqe tutan beynəlxalq qurumlara mühüm mesajlar səsləndirilib.
Dünyanın nüfuzlu beyin mərkəzi tərəfindən təşkil edilən İtaliya Forumu nəticə etibarilə bu gün regionun aparıcı aktoru kimi tanınan müasir Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli faktor kimi dəyərləndirilməlidir.
Nahid RƏHİMOV,
YAP Masallı rayon təşkilatının fəal üzvü.