Qlobal Cənubun Bakıda səslənən çağırışı: Azərbaycan yeni beynəlxalq həmrəylik arxitekturasının mərkəzində
Dünyanın diqqəti bu gün Bakıya yönəlib. Aprelin 28-29-da Azərbaycan paytaxtında keçiriləcək Qlobal Cənub QHT Platformasının təsis konfransı təkcə bir tədbir deyil — bu, beynəlxalq münasibətlərdə yeni bir dövrün başlanğıcıdır. Bu fikirləri QHT.az-a özəl açqılamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
“Azərbaycanın ev sahibliyi etdiyi bu təşəbbüs Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını bir araya gətirir. Dünya ölkələrinin üçdə ikisini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyəti Bakıda öz birliyini və sözünü ifadə edir.
Bu hadisə həm tarixi, həm də simvolik bir məna daşıyır: Azərbaycan artıq yalnız bir coğrafi körpü deyil, həm də siyasi və vətəndaş platforması rolunda çıxış edir. COP29 çərçivəsində irəli sürülən bu təşəbbüs qısa zamanda beynəlxalq dəstək qazandı — 140-a yaxın ölkənin 1000-dən çox QHT-si bu ideyanın arxasında dayandı.”
Ə. Nuriyev qeyd edib ki, təsadüfi deyil ki, konfrans Bandunq prinsiplərinə – dövlətlərin suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq, bərabərlik və əməkdaşlıq çağırışlarına istinad edir. 70 il əvvəlki Bandunq ruhu bu gün Bakıda yenidən dirçəlir — lakin bu dəfə yalnız dövlətlər deyil, vətəndaş cəmiyyətləri səviyyəsində.
“Azərbaycanın bu təşəbbüsdəki rolu sadəcə təşkilatçılıqla məhdudlaşmır. Azərbaycanın vətəndaş cəmiyyətinin irəli sürdüyü bu təşəbbüs ölkəmizin beynəlxalq nüfuzunun, yeni və ədalətli dünya nizamı axtarışındakı təşəbbüskarlığının real sübutudur.
Qlobal Cənubun səfərbərliyi, ədalətli və inklüziv beynəlxalq münasibətlər qurmaq üçün yeni bir yol xəritəsinin hazırlanması deməkdir. Azərbaycan bu yolun başlanğıc nöqtəsindədir.
Bu gün Bakıda başlayan çağırış təkcə Qlobal Cənubun deyil, bütün dünyanın daha ədalətli gələcəyi naminə atılmış bir addımdır.”