Xəbərlər 21.08.2024 17:35 2820

QHT liderləri Parlament seçkilərində - Nigar Ələsgərova

125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərovanın seçicilərlə görüşləri davam edir.

QHT.az xəbər verir ki, N.Ələsgərova Abşeron rayonunun Masazır və Hacı Zeynalabdin Tağıyev qəsəbələrində yaşayan zəngilanlı məcburi köçkün seçicilərlə müxətlif formatlı görüşlər keçirib. Sumqayıtda 8 saylı yataqxanada el ağsaqqalı Fikrət Həsənovun evində qonaq olan N.Ələsgərova onun xeyr-duasını alıb. Görüşdə yataqxanada məskunlaşan Zəngilan və Qubadlı sakinləri də iştirak edib.

Sumqayıt şəhərində yerləşən Zəngilan rayon 15 nömrəli tam orta məktəbinin qarşısında kütləvi görüşlərin birində çıxış edən İkinci Qarabağ savaşının şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, antiterror əməliyyatları zamanı şəhid olan Zamin Abbasovun anası Sevda Abbasova deputatlığa namizədə dəstəklərini ifadə edərək ona uğurlar arzulayıblar. Seçiciləri ilə səmimi söhbət edən N.Ələsgərova bölgə əhalisinin problemlərinin ona tanış olduğunu bildirib. Qeyd edib ki, deputat seçiləcəyi təqdirdə, hər bir seçici ilə həm daimi fəaliyyət göstərən qərargahı vasitəsilə, həm “Qaynar xətt”, həm də virtual platformalar üzərindən birbaşa əlaqə saxlayacaq.

“Bölgənin hərtərəfli inkişafına dəstək olmaq, sakinlərin rifahını daha da yaxşılaşdırmaq üçün sahibkarların iştirakı ilə Fond təsis etmək niyyətindəyik. Bu Fond vasitəsilə qarşılaşacağımız problemləri asanlıqla həll edəcəyimizi düşünürəm”, - deyə N.Ələsgərova bildirib. Görüşlərdə seçki platforması barədə məlumat verən deputatlığa namizəd seçiləcəyi təqdirdə seçicilərilə dövləti arasında etibarlı körpü olacağını, onları narahat edən məsələləri diqqətdə saxlayacağını, var qüvvəsilə problemlərin həllinə çalışacağını bildirib. Həm “qapı-qapı”, həm də kütləvi görüşlərdə seçicilər qarşılarında gənc və istedadlı, ictimai fəal, xüsusən də xanım namizədi görməkdən məmnunluqlarını ifadə ediblər. 

N.Ələsgərovanın seçicilərlə görüşləri davam edir. 

Qeyd edək ki, Nigar Ələsgərova 23 sentyabr 1986-cı ildə Sumqayıtda doğulub. Gəncə şəhər 2 №-li tam orta məktəbi fərqlənmə ilə bitirib, Gəncə Dövlət Universitetində Tarix ixtisası üzrə təhsil alıb, İstanbul Universitetində “Biznesin təşkili və idarəedilməsi” üzrə MBA dərəcəsi və London İdarəetmə İnstitutunda “Menecmentin əsasları” üzrə təkmilləşdirmə kursu keçib. Gənclər siyasəti, liderlik və sahibkarlıq sahələrində 100-dən çox yerli və beynəlxalq təlimdə iştirak edib. 2009-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həssas qruplara dəstək verən təqaüd proqramları və sosial layihələr həyata keçirib. Nizami rayon Bələdiyyəsinin üzvü, YAP Qadınlar Şurasının sədr müavini və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri olub. 2020-ci ildən KOBSKA-nın İdarə Heyətinin sədridir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin özünüməşğulluğunun təmin olunması üzrə layihələrə rəhbərlik edib. NATO-nun Brüsseldəki qərargahında ölkəmizi təmsil edib və Heydər Əliyevin 100 illiyi münasibətilə “İş Dünyası – 100 İlin Zirvəsi” adlı beynəlxalq layihələri həyata keçirib.

İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı