Xəbərlər 05.08.2024 10:35 2544

“Kitab Evi” İctimai Birliyi “Mütaliə mədəniyyətinin inkişafı ilə bağlı sonuncu tədbirini keçirib - FOTOLAR

“Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin sonuncu tədbirini 03 avqust 2024-cu il tarixində Sumqayıt şəhərində Əli Kərim adına “Poeziya Evi”ndə  həyata keçirib.

QHT.az xəbər verir ki, tədbiri “Poeziya Evi”nin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı açıb və lahiyə barədə qısa məlumat verib. Layihə rəhbəri Adilə Nəzərova mövzu ilə bağlı geniş şəkildə çıxış edib. O, qeyd edib ki, cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmış keyfiyyətli təhsilin təmin olunması üçün, yüksək intellektual səviyyəyə və praktiki işləmə qabiliyyətinə malik, müasir standartlara uyğun bilik və dünyagörüşünə sahib olan, dildə və informasiya axınında çeviklik bacarığı formalaşan kadrların hazırlanması üçün mütaliə mədəniyyətinin inkişafı vacib şərtlərdəndir. Mütaliə mədəniyyəti mövzusu bir layihə ilə bitən deyil, bundan sonra da müzakirə proqramlarına salınacaq, sosial məsələ kimi gündəmdə saxlanılacaqdır. Oxu  vərdişini cəmiyyətdə yaymaq və onu ümummilli oxu mədəniyyətinə çevirmək üçün özəl sektorun və bütün maraqlı tərəflərin, xüsusilə dövlət və ictimai qurumların bir araya gəlməsi bu və bu kimi layihələrin davamlılığını təmin etməsi diqqətdə tutulacaqdır. Və mən ümid edirəm ki, bu layihənin problemin həllinə xüsusi faydası olacaqdır.

Layihə üzrə təlimçi Həcər Paşayeva bildirib ki, cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün belə layihələrnin həyata keçirilməsi olduqca önəmlidir. Gələcəkdə məhsuldar cəmiyyət yaratmaq üçün bugünkü “torpağa” mütaliə mədəniyyətinin toxumlarını “əkməliyik” ki, bu, problemin həllinə yüksək səmərəlilik və tərəqqi gətirəcəkdir.

Tədbirdə tanınmış şair Yusif Nəğməkar da iştirak edib və layihə barədə müsbət fikirlər söyləyib. O, Mədəniyyət Nazirliyinə və təşkilatçılara təşəkkürünü bildirib. Sonra tədbir iştirakçılarından orta məktəb şagirdlərindən bədii qiraət müsabiqəsinin iştirakçıları şeir oxuyublar.

Təlim iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanıb.  Ümumilikdə layihə və tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və davamlılığı arzulanıb.

       


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı