Xəbərlər 02.06.2025 00:50 126

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “İstedad sərhədsizdir” adlı tədbir keçirildi - FOTOLAR

Mayın 30-da Yasamal rayon İcra Hakimiyyətinin, Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Əlilliyi Olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İstedad əngəl tanımır” layihəsi çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “İstedad sərhədsizdir” adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Əlilliyi Olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri Təranə Musayeva, sağlamlıq imkanları məhdud olan uşaqlar və digər qonaqlar iştirak etdilər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova uşaqları təbrik etdi və ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, əlverişli mənəvi və sosial mühitdə böyüməsinin, habelə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğuna diqqət çəkdi.

Mərkəzin direktoru Naminə Ömərova tədbir iştirakçılarını salamlayaraq, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqları təbrik etdi. O, uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğuladı və onların hüquqlarının qorunmasına, istedad və bacarıqlarının üzə çıxarılmasına verilən dəstəyin əhəmiyyətindən danışdı. “Əlilliyi Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva çıxışında son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması və sağlam ailə mühitində yaşaması üçün ölkəmizdə həyata keçirilən mühüm sosial layihələrdən söz açdı.

Tədbirdə ölkəmizdə qonaq olan Türkiyə vətəndaşı, professor Cavad Ayvalı çıxış edərək bütün uşaqları əlamətdar gün münasibətilə təbrik etdi, onlara sağlam, uğurlu və xoşbəxt həyat arzuladı. Tədbir zamanı uşaqların əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu. Sağlamlıq imkanları məhdud olan uşaqların ifasında musiqi və rəqs nömrələri, şeir kompozisiyaları, moda nümayişi təqdim edildi.

Tədbirin sonunda uşaqlara Yasamal rayon İcra Hakimiyyəti tərəfindən kitablar və Ofisait mağazalar şəbəkəsi tərəfindən hədiyyələr təqdim olundu, xatirə fotosu çəkildi. Təşkil olunan tədbir, uşaqlar üçün son dərəcə maraqlı və yaddaqalan olmuşdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı