Şəhid İlkin Ağakişiyevin atası vəfat edib
Vətən müharibəsi şəhidi İlkin Ağakişiyevin atası Elxan Ağakişiyev vəfat edib.
QHT.az olaraq mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.
Qeyd edək ki, İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi