Elşad Məmmədov: “Kommunikasiyaların şəffaf şəkildə qurulması həssas kateqoriyaların sosial müdafiəsinə müsbət təkan vermiş olur”
“Dövlət tərəfindən postmüharibə dövründə icra olunan sosial dəstək, görülən işlər 3 istiqamətdə aparılır. Bir tərəfdən sosial maddi dəstək evlərin mənzillərin, avtomobillərin verilməsində, ödənişlərin həyata keçirilməsində öz əksini tapır ki, bu istiqamətdə əhalinin ən həssas kateqoriyalarından olan müharibə iştirakçılarına qarşı sosial müdafiə tədbirlərində artımın şahidi oluruq. Burada sosial iqtisadi dəstək, maddi və sosial dəstək kifayət qədər böyük həcmdə reallaşdırılmaqdadır”.
Postmüharibə dövründə icra olunan sosial dəstək tədbirləri ilə bağlı bu açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a bildirib. O, qeyd edib ki, ikinci istiqamət olan psixoloji dəstəkdir ki, hesab edirəm ki, effektiv şəkildə həyata keçirilməli məsələdir: “Bunun vacibliyi maddi dəstəklə müqayisədə az deyil. Burada da artan xətlə dövlət tərəfindən, Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi tərəfindən müharibə iştirakçılarına, onların ailə üzvlərinə müvafiq dəstək göstərilir, infrastruktur, maddi- texniki baza genişləndirilir, reabilitasiya ilə bağlı psixoloji dəstək göstərilir”.
Üçüncü istiqamətin perspektivdə ən çox effekt verə bilən istiqamət kimi dəyərləndiriləcəyini vurğulayan Elşad Məmmədov bildirib ki, bu müharibə iştirakçılarının məşğulluq proseslərinə cəlb olunmasıdır: “Bu mürəkkəb bir məsələdir. Çünki burada peşə hazırlığı, kompetensiyalar, xüsusilə nəzərə alsaq ki, müharibə iştirakçılarının əksəriyyəti gənc nəslin nümayəndələridir, onaların hələ lazımi peşə hazırlığı bir çox hallarda əmək bazarına uyğun deyil. Təbii ki, bu onların günahı deyil. Dövlət bu istiqamətdə çox böyük işlər görməlidir, görülür, start verilib. Burada yalnız bir qrumun deyil, bir çox dövlət qurumlarının əlaqəli şəkildə fəaliyyətinə ehtiyac var. Bu məsələləri istiqamətlər üzrə həll etmək lazımdır. Biz İctimai Şura olaraq ədalət naminə bir çox müsbət proseslərin şahidi oluruq. Bunlar Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin fəaliyyətindəki müsbət trendlərlə bağlıdır. Şəffaflıq, iqtisadi-resursların əldə olunması öz rolunu oynadı. Kommunikasiyaların şəffaf şəkildə qurulması ölkədə əhalinin, xüsusilə də həssas kateqoriyaların sosial müdafiəsinə müsbət təkan vermiş olur. Bu istiqamətlər üzrə əldə olunan müsbət nəticələri dövlət qurumları, ictimai sektor, həssas kateqoriyalar hiss etməkdə olacaq”.
Qeyd edək ki, son 5 ildə sosial ödənişlərdə ciddi artımlar həyata keçirilib. Şəhid ailələri və müharibə iştirakçıları aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunub.
Pərvanə Fərhadqızı