Dünya liderləri qlobal səyləri gücləndirmək barədə razılığa gəliblər
Nyu-Yorkda Dayanıqlı İnkişaf Məqsədləri sammiti davam edir. Tədbirin birinci günüdə, dünya liderləri 2030-cu ilə kimi bu məqsədlərə çatmaq üçün qlobal səyləri təcili sürətdə gücləndirmək barədə razılığa gəliblər.
QHT.az xəbər verir ki, qəbul olunmuş siyasi bəyannamədə 2030-cu ilə qədər dayanıqlı, inklüziv və firavan dünya qurmaq üçün kollektiv öhdəliklərin əhəmiyyəti vurğulanıb. 10-səhifəlik sənəddə qeyd olunur ki, sərmayələr ciddi şəkildə artırılmasa inkişaf etməkdə olan ölkələrdə qida, enerji, təhsil, rəqəmsal inkişaf və sosial müdafiə sahələrində hədəflərə çatmaq mümkün olmayacaq.
Bəyannamə müəllifləri həmçinin BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədlərinin stimullaşdırılması ilə bağlı təklifinin icrası istiqamətində təcili tədbirlər görməyə çağırıb. Təklifə əsasən, DİM-ə nail olmaq üçün hər il 500 milyard dollar həcmində maliyyə vəsaiti ayrılmalıdır.
Qeyd edək ki, siyasi bəyannamədə qlobal iqtisadiyyatın üzləşdiyi problemləri həll etmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatların aparılmasına bütün ölkələrin dəstəyi ifadə olunub.
Pərvanə Fərhadqızı