Sumqayıt şəhərində ictimai müzakirə keçirilib - FOTOLAR
Sentyabrın 12-də "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi" layihəsi üzrə ictimai müzakirə keçirib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri, layihə rəhbəri Rauf Zeyni layihənin maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirib. O, layihənin əsas məqsəd və əhəmiyyətini əks etdirən slayd-təqdimat edib, ictimai nəzarət və iştirakçılığın önəmini vurğulayıb və cəmiyyətin bu yöndə maarifləndirilməsi istiqamətində çıxış edib.
Tədbirdə iştirak edən millət vəkili Müşfiq Məmmədli, Sumqayıt şəhər İctimai Şuranının sədri Hümbət Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt, Abşeron və Xızı üzrə imamı Hacı Rauf, layihə üzrə ekspert, “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Mehriban Nəcəfova, Sumqayıt Ağsaqqalar şurasının sədri Təbrik Quliyev və tanınmış ziyalılar Ofeliya Babayeva, Vaqif Qəhrəmanov, “Mədəni İnkişafın Təbliği” ictimai birliyinin sədri Xatirə Fərəcli, AMEA-nın elmi işçisi Elyar İsmayıloğlu, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Cəmilə Fəyyaz və başqaları ictimai müzakirədə iştirak edərək cəmiyyətdə olan aktual problemlər və bu problemlərdən çıxış yolu olaraq təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, qaldırılan hər bir məsələ haqqında geniş müzakirə aparılıb və suallara cavab verilib, aktual məsələlər təşkilat tərəfindən qeydə alınıb. Hər bir problem aidiyyatı üzrə müvafiq yerlərə yönləndiriləcək.
Sonda xatirə şəkilləri çəkdirilib.
Pərvanə Fərhadqızı