Xəbərlər 01.06.2023 16:04 1045

Laçına köçün başlamasına QHT rəsmilərinin BAXIŞI - SORĞU

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarından sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq dekabrın 1-də Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verilib. Ötən günlərdə 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşüb.

 

“Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub. QHT.az bildirir ki,   SİA Laçına köçün başlaması ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

 

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: "44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş bölgələrdə yenidən həyatın qaytarılması, infrastrukturun bərpası və yenidən qurulması ilə bağlı işlər dərhal başlamışdı. 2021-ci ilin dövlət büdcəsində artıq 2 milyarddan daha çox vəsait bu işlər üçün nəzərdə tutulmuşdu. Torpaqlarımızın azad olunmasından keçən qısa müddət ərzində bir çox yerlərdə təkcə infrastruktur layihələri deyil, eyni zamanda, mülki həyata qayıdışla bağlı işlər də həyata keçirilib. Bu sırada Suqovuşan, Talış kəndi istiqamətində, Laçında demək olar ki, həyati əhəmiyyətli işlər görülüb.

 

Bildiyiniz kimi, ilk olaraq Zəngilanın Ağalı kəndinə köç baş tutmuşdu. İndi isə Laçın şəhərinə köç prosesi başlayıb. Ola bilər ki, burada bir çoxlarını təəccübləndirən məqamlar var. Çünki çox qısa müddətdə bu işlər həyata keçirilib. Halbuki həmin o şəhərlər və kəndlər min illər boyu formalaşaraq ərsəyə gəlib. Digər tərəfdən həm ərazidə mina təhlükəsi var. Bu, illərlə davam edən ağrılı bir prosesdir. Amma ötən müddət ərzində o ərazilərin minadan təmizlənməsi də sürətlə həyata keçirilib və bu gün də davam etməkdədir.

 

Hesab edirəm ki, ölkə başçısının bölgəyə sonuncu səfərində Kəlbəcərdə və Laçında yeni həyati əhəmiyyətli obyektlərin açılışı digər işğaldan azad olunmuş ərazilərə dönüşün uzaq olmayan bir tarixdə reallaşacağını göstərir. Strateji baxımdan Laçın çox əhəmiyyətlidir. Ermənistanla Qarabağ arasında olan nəqliyyat əlaqəsi həmin ərazidən keçir və Rusiya sülhməramlı kontingenti də var. Bu baxımdan mülki əhalinin Laçına daha tez köçürülməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu görülən işlər bölgədə yaşayan erməni əhalisinə də impuls verməlidir. Onlar Azərbaycanın bölgədə apardığı sosial-iqtisadi quruculuq işlərini diqqətə almalı və belə bir ölkədə yaşamağın üstünlüyünü qiymətləndirərək dövlətimizin bərabərhüquqlu vətəndaşı olmaq şansını əldə etməlidirlər".

 

"Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı: "Bildiyiniz kimi, bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyev qaçqınlarla görüşdükdə onların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini qeyd etmişdi. Ölkə başçısının o verdiyi sözlər bu gün həyata keçir. Bu sevindirici bir haldır. Cənab Prezident o qədər böyük bir sevgi ilə bu işə başlayıb ki, çox qısa bir zamanda Qarabağımızı cənnətə döndərəcək. İşğaldan azad olunmuş bölgələrimizin abadlaşdırılması işləri sürətlə həyata keçirilir. Hər kəs bilir ki, o yerləri necə dağldıb, məhv ediblər. Görülən bu işlərin hamısı nəticə etibarilə, Qarabağı yenidən yurd edəcək. Vətəndaşlarımız öz dədə-baba torpaqlarına çox rahat bir şəraitdə dönəcək, hər şey əvvəlkindən daha yaxşı olacaq. Hər birimiz ölkə başçısı İlham Əliyevə minnətdarıq ki, Qarabağı Azərbaycana qaytardıqdan sonra indi də o yerlərin quruculuq - abadlıq işləri üçün əlindən gələni edir".

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli: "Ümumilikdə keçmiş məcburi köçkünlərin Laçın rayonuna qayıdışı əlamətdar bir hadisədir. Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə Azərbaycan Prezidenti Böyük Qayıdışa dair Birinci dövlət proqramı barədə sərəncam imzalamışdı. Bu sərəncama əsasən proqramın tədbirlər planı qəbul edilmişdir. Həmin tədbirlər planına əsasən Laçına qayıdış həyata keçirilir. Beynəlxalq standartlar baxımından onu qeyd etmək olar ki, dövlət proqramı Ümumdünya İnsan Hüquqları bəyannaməsində nəzərdə tutulan hərəkət hüquqları çərçivəsində, eyni zamanda BMT-nin ölkə daxilində köçürülmüş şəxslərlə bağlı rəhbər prinsiplərində nəzərdə tutulmuş normalara uyğun həyata keçirilir. Belə ki BMT-nin rəhbər prinsiplərinə əsasən məcburi köçkünlərin qayıdışı zamanı ərazilərdə şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin tikintisi, hər kəs üçün əlçatan infrastrukturun təmin edilməsi, dayanıqlı inkişafın təminatı nəzərdə tutulmalıdır.

 

Biz görürük ki, bu qayıdış zamanı ölkə başçımız bir neçə infrastruktur layihələrinin açılışında və məcburi köçkünlərə evlərin açarının təqdim edilməsində iştirak edib. Bütün bunlar bizə onu deməyə əsas verir ki, geri qayıdış tam sürətlə həyata keçirilir. BMT-nin rəhbər prinsiplərində də qeyd olunduğu kimi qayıdışın könüllü və azad şəkildə, təhlükəsizlik şəraitində, ləyaqətlə baş tutduğunu müşahidə edirik".

 

"Cəmiyyətin İnkişafı Mərkəzi " İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: "Əlbəttə ki, Laçın şəhərinə köçün başlaması möhtəşəm bir hadisədir. Bu, Azərbaycan xalqının tarixində iz salan bir prosesdir. Köçün baş tutması o regionda yaşayan bütün insanlar üçün yeni mərhələnin başlanğıcıdır. Digər tərəfdən bu, Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun, eyni zamanda rəhbərliyin verdiyi vədlərə sadiqliyinin göstəricisidir. Vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlarda məskunlaşması, həmçinin o ərazilərdə başlanmış quruculuq-abadlıq işləri dünyaya bir mesajdır. Bu hadisələr 30 il ərzində işğalda olmuş ərazilərimiz bərbad hala salınmasını, dini və tarixi abidələrimizin dağıdılmasını, insanlığa və təbiətə göstərilən vandalizmi və özünü dünyaya "ən qədim xalq" kimi sırımağa çalışan bir toplumun əsl simasını göstərmək üçün müsbət bir haldır. Bütün bunlar iki xalqı dünya qarşısında müqayisəsi üçün bir materialdır. Bu, həmin torpaqların əsl sahibinin kim olduğunu dünyaya göstərmək üçün əla nümunədir. Biz bunu sözdə deyil, əməldə göstərdik. Xüsusilə, son aylar Azərbaycanı sevməyən, qərəzli yanaşan insanlar niyə məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıtmadığını vurğulayırdılar. Laçına köçün başlanması onlara da tutarlı cavab oldu. Yəni, hər şey vaxtı çatanda həll edilir və ediləcəkdir".

 

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: “2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni darmadağın etdi və torpaqlarımızın işğalına son qoydu. Heç şübhəsiz ki, bu qələbənin arxasında dayanan başlıca amil əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətdir.

 

Düşünülmüş və praqmatik siyasət, o cümlədən əldə edilən yüksək iqtisadi göstəricilər 44 günlük Vətən müharibəsində tarixi zəfərin qazanılmasında da əhəmiyyətli rol oynadı. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, əldə edilən iqtisadi uğurlar postmüharibə dövründə, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən işlər zamanı da öz sözünü deyir. 44 günlük mühairbənin başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyasl işlər ölkəmizin müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də qarşıya qoyulan işləri reallaşdırmaq gücünə malik olduğunu bir daha təsdiqləyir.

 

 

Bu işlərin görülməsi sayəsində Qarabağın və Şərqi Zəngəzurun yenidən cənnətə çevrildiyini bildirib. Dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. Elə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçında postmüharibə dövründə görülən işlər də həm bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Prezident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bəyan etdiyi kimi, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və əhalinin sərəncamına verilir. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqram deyil. Dövlət başçısının bəyan etdiyi kimi, Laçın şəhərinin Baş planı hazırlanıb. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı çox dəqiq təsəvvürü var və ilin sonuna qədər daha çox insanın Laçında yaşaya biləcəyi mümkündür. Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Həmçinin, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, Laçında həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır. Bir sözlə, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

 

Beləliklə, bu quruculuq-abadlıq işləri, həmçinin, işğaldan azad edildikdən cəmi iki il yarım ərzində həmin ərazilərdə dünya standartları səviyyəsində evlərin tikilməsi, digər abadlıq-quruculuq işlırinin aparılması bir tərəfdən Azərbaycan dövlətinin qüdrətini, digər tərəfdən də o torpaqların gerçək sahiblərinin bu ərazilərə qurmaq üçün, yaratmaq üçün gəldiklərini nümayiş etdirir”.

 

"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli: "Bildiyiniz kimi, Laçın çox strateji bir rayondur. “Böyük Qayıdış” proqramı çərçivəsində ilk köçlərin Laçında da baş tutması təsadüfi deyil. Ermənilər işğal dövründə elə zənn edirdilər ki, Laçında əbədi qalacaqlar, ona görə də Laçın şəhərinin mərkəzini, səfalı kəndləri tamamən viran qoymamışdılar, orada qanunsuz məskunlaşma aparıb yaşayırdılar. Bəllidir ki, 1992-ci ildə Laçın işğal olunanadək bu rayonda bir erməni belə yaşamayıb. İşğal dövründə Ermənistandan, xaricdən erməni ailələri gətirib bura yerləşdirmişdilər.

 

Bildiyiniz kimi, Laçının bir hissəsini 44 günlük müharibə dövründə Müzəffər Ordumuz döyüş yolu ilə işğaldan azad etmişdi. Rayonun digər hissəsi isə 10 noyabr Üçtərəfli Bəyanata uyğun olaraq müharibə bitəndən sonra Azərbaycana təhvil verildi. Keçmişdə Laçın koridoru adlandırılan ərazi - Laçın yolunun keçdiyi Laçın şəhəri isə 2022-ci ilin avqustunda Azərbaycana təhvil verildi. Eyni zamanda Zabux və Sus kəndləri də təhvil alındı. Ötən ay isə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qoyuldu. Yəni Laçınla bağlı təhlükəsizlik işləri tamamlandı. Bu zaman kəsiyində Laçın şəhərində sürətlə quruculuq-abadlıq işləri həyata keçirildi. Laçına bir neçə ay öncəki səfərim zamanı burada quruculuq abadlıq işlərinin gecə-gündüz davam etdiyinin şahidi olmuşdum. Beləliklə, Laçında artıq məskunlaşmaya start verildi və bildiyimiz kimi, 28 mayda ilkin olaraq 20 ailə Laçın şəhərinə köçürüldü. Bu, Azərbaycanın nə qədər qüdrətli, güclü bir dövlət olmasının göstəricisidir, eyni zamanda 31 illik həsrətdən sonra laçınlıların doğma yurda qayıtması tarixi bir hadisədir, fəxarətdir, növbəti bir mənəvi qələbəmizdir. Laçın o qədər füsunkar təbiətə malikdir ki, qısa zamanda bu rayonun turizm cənnətinə çevriləcəyinə şübhə yoxdur.

 

“Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

 

Laçın elə bir strateji nöqtədir ki, burada köç prosesinin maksimum sürətlə aparılması həm də bir zərurətdir. Dövlətimiz təbii ki, ən doğru qərarları verir və ötən il Zəngilanın Ağalı kəndinə, bu yazda Talış və Suqovuşan qəsəbələrinə və ardınca Laçına köçün başlaması düşünülmüş, strateji bir qərardır, addımdır".

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı