Xəbərlər 31.05.2023 22:39 2018

Yasamal rayon İcra Hakimiyyətində keçirilən təlim böyük maraqla qarşılandı - FOTO

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Hüquq və İnsan haqları institutunun birgə təşkilatçılığı ilə bu gün Yasamal rayon icra hakimiyyətinin əməkdaşları üçün maarifləndirici təlim keçirilib.Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoyuldu. Daha sonra isə Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təlimi giriş nitqi ilə açan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qonaqları salamlayaraq icra nümayəndələri tərəfindən vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına xüsusi diqqət ayrıldığını, sakinlərlə mütəmadi görüşlərin keçirildiyini nəzərə çatdırıb. Daha sonra İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlim iştirakçılarını İnstitutun fəaliyyət istiqamətləri, nailiyyətləri və keçiriləcək təqdimatlar ilə tanış edərək əhəmiyyətini vurğulayıb.

Hüquqi tədqiqat şöbəsinin müdiri Araz Abdullasoy “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-1-ci maddəsi, “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş bəndlərin əhəmiyyəti, Avropa İnsan Hüquqları Konvensiyasının 6, 13 və 34-cü maddələri haqqında danışıb. Eyni zamanda, A.Abdullasoy vətəndaşların Onlayn İctimai Nəzarət Platformasına müraciətlərinin mahiyyətini və AR Konstitusiyasının 50, 57, 65 və 96-cı maddələrinin bəndlərini geniş izah edib.

İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” və  “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Təlimçi şəxsin sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi, ictimai nəzarətin təmin edilməsində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında QHT-lərin rolu məsələlərinə toxunub.

Təlimçi Nəzrin Əliyeva “Dövlət qulluğu və korrupsiya” mövzusunda çıxış edərək, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxslərin öz statuslarından, təmsil etdikləri orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq imtiyazlar və ya güzəştlər əldə etməsi halları barədə məlumat verib. O, habelə, vəzifələrindən azad edilmiş və həbs olunmuş məmurların statistikasını diqqətə çatdırmaqla, milli və beynəlxalq qanunvericiliklərdə bu problemlərin tənzimlənməsi məsələlərinin təhlilini aparıb.

Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin, təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması iştirakçılar tərəfindən doldurulub.

Sonda təlimdə iştirak edən İcra Hakimiyyəti əməkdaşlarına sertifikatlar təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı