Xəbərlər 30.05.2023 11:22 1742

Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Səbail Rayon İcra Hakimiyyətində maarifləndirici təlim keçirilib - FOTOLAR

Mayın 26-da  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin (İnstitut) birgə təşkilatçılığı ilə İnstitutun təlimçi-ekspertləri tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında RİHBA-nın əməkdaşları üçün təlim keçirilmişdir. Təlimdə RİH başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.

 

QHT.az xəbər verir ki, təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.

 

Təlimi giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova qonaqları salamlayaraq İnstitutun aktual mövzular ətrafında təşkil etdiyi  bu cür təlimləri yüksək dəyərləndirdiyini və gələcəkdə bu əməkdaşlığın davamlı olacağını vurğulamışdır.

 

İnstitutun Mətbuat və Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasıyev İnstitutun  fəaliyyət istiqamətlərindən və təlimin məqsədləri haqqında təlim iştirakçılarına məlumat vermişdir.

 

Daha sonra İnstitutun Hüquqi təqdimat şöbəsinin müdiri Araz Abdullasoy “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək Avropa Konvensiyasının 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 34-cü (Fərdi şikayətlər) maddələri barədə ətraflı şərh vermiş, eyni zamanda icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı statistik rəqəmləri təlim iştirakçılarının diqqətinə çatdırmışdır.

Digər təlimçi-ekspert Nəzrin Əliyevanın təqdimatında “Dövlət qulluğu və Korrupsiya” mövzusu ilə əlaqədar təlim iştirakçılarına geniş izah vermişdir.

 

“Sosial mediada məsuliyyət” və  “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzusunda təqdimatla çıxış edən İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi, həmçinin QHT-lərlə əməkdaşlıq, ictimai nəzarətin təmin edilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında QHT-lərin rolu məsələlərinə toxunmuş, bu barədə ətraflı məlumat vermişdir.

 

Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılmış, mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış, həmçinin, təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması doldurulmuşdur.

Sonda təlimdə iştirak edən icra hakimiyyəti nümayəndələrinə sertifikatlar təqdim olunmuşdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı