Xəbərlər 08.05.2023 20:04 3638

Şəhid Anar Novruzovun xatirəsinə həsr olunmuş şahmat turnirinə start verildi 

Şəhid Anar Novruzovun xatirəsinə həsr olunmuş şahmat turnirinə start verildi 

 

Masallı rayonunda, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş şahmat üzrə məktəblilər arasında rayon turnirinə start verilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı ilə düzənlənən xatirə turniri 2020-ci il iyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş mayor Anar Gülverdi oğlu Novruzovun anadan olmasının 47-ci ildönümü ərəfəsində gerçəkləşib.
Masallı Uşaq- Gənclər İdman-Şahmat Məktəbində keçirilən idman tədbirinin açılış mərasimində əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UGİŞM-in direktoru Əlifağa Yaqubov bildirib ki, artıq ənənə halını alan xatirə turnirinin təşkilində məqsəd şəhidlərimizin tanıdılması, məktəbli idmançılar arasında dostluq əlaqələrinin və vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, şahmat idman növünün kütləviliyinin artırılmasıdır.
Yarışların baş hakimi, UGİŞM-nin baş məşqçisi Famil Fərmanlı qeyd edib ki, üç gün (08, 10, 11 may) davam edəcək yarışlar dairəvi və İsveçrə sistemi ilə 5 yarımqrupda, 8-10-12-14-16 yaş qrupları üzrə keçirilir.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, “Yeni həyat” (Masallı) qəzetinin əməkdaşı Akif Ağayev Vətənimizin bütövlüyü uğrunda cəsarətlə döyüşmüş Anar Novruzov kimi qəhrəmanlarımızın şərəfli ömür yolunun gələcək nəsillərə örnək olduğunu vurğulayıb.
Şəhidin qardaşı Sucəddin Novruzov turnirin təşkilatçılarına, eləcə də əziyyəti olan hər həsə minnətdarlığını bildirib.   
Sonra yarışlara start verilib. 
Məlumat üçün bildirək ki, turnirin qalibləri mayın 12-də, şəhid mayorun doğum günündə təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.

 

Akif VAQİFOĞLU


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı