Xəbərlər 04.05.2023 13:25 1820

İnam Kərimov: İslahatlar nəticəsində məhkəmələrdə süründürməçiliyin qarşısının alınması üçün yeni metodlar tətbiq olundu

Bu gün Ulu Öndər Heydər Əliyevin məhkəmə sahəsində islahat siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinə öz töhfəsini verir. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı yeni Azərbaycanın yeni dövrünün məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoydu. Bu Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi.

QHT.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: Tarix, zaman və nailiyyətlər” konfransında çıxışında deyib.

Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqların aradan qaldırıldığını bildirən İnam Kərimov deyib: “Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi. Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu. Məhkəmə icraatı təkmilləşdirildi. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Prezidentin də qeyd etdiyi kimi, məhkəmə islahatları daim davam edən prosesdir. Bu islahatların əvvəli var, amma sonu yoxdur.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yeni, müasir Azərbaycanın və onun yeni məhkəmə sisteminin dövlət başçısının rəhbərliyi ilə zamanın tələblərinə uyğun daha da inkişaf etdirilməsi və yenilənməsi istiqamətində işlər bu gün də davam etdirilr”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı