Xəbərlər 03.05.2023 21:43 3699

Şəmkirdə vərəmlə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO

02 May tarixində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və "Sağlamlığa Xidmət" İctimai birliyinin təşəbbüsü ilə Şəmkir şəhər İcra Hakimiyyəti və Şəmkir şəhər Gənclər evinin birgə təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş vərəmlə bağlı maarifləndirmə tədbiri keçirilib.
 

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi vərəm xəstəliyi, onun simptomları, profilaktikası, diaqnostikası, müalicəsi barəsində əhali arasında məlumatlandırılmanın aparılması, vərəmə yönəlmiş stiqmanın aradan qaldırılması olmuşdur.


Tədbirdə Koalisiyasının sədri Elçin Muxtarlı çıxış edərək, vərəmin dünyada ən çox ölümə səbəb olan yolxucu xəstəlik olduğunu bildirərək qeyd edib ki, ötən il dünyada 1,6 milyon insan vərəmdən dünyasını dəyişib.

Vərəm əleyhinə QHT Koalisiyasına üzv təşkilat olan "İnformasiya Təşəbbüslərinə Dəstək" İB- nin sədri Cəsarət Hüseynzadə Koalisiyanın vərəmlə mübarizədə gördüyü işlər barəsində təqdimatla çıxış edib.


"Sağlamlığa Xidmət" İctimai birliyinin həkim koordinatoru Samirə Muxtarova vərəm xəstəliyi, onun simptomları, yoluxma yolları, diaqnostikası, müalicəsi, erkən aşkarlanmanın əhəmiyyəti barəsində təqdimatla çıxış edərək, iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru Sona Hacıyeva vərəmə yönəlmiş stiqmadan  söhbət açaraq xəstəliyi gizlətmək deyil, vərəmin təsirinə məruz qalmış hər kəsin həkimin təyin etdiyi müalicəni fasilə vermədən sona qədər qəbul etməyin vacib olduğunu bildirib.


Şəmkir şəhər Mərkəzi Xəstəxanasının Vərəm Şöbəsinin müdiri Təhməz Mehdixanov Vərəm əleyhinə QHT Koalisiyasının ölkədə və beynəlxalq arenada vərəmlə bağlı əldə etdiyi uğurlardan söhbət açaraq, maarifləndirmə tədbirlərinin rayonlarda keçirilməsinin çox vacib olduğunu vurğulayıb, eyni zamanda Şəmkirdə vərəmlə bağlı məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Tədbir zamanı "Sağlamlığa Xidmət" İctimai birliyi tərəfindən ərsəyə gələn " Qışın isti nəfəsi" adlı vərəmlə bağlı qısa metrajlı film, Yaponiya istehsalı olan süni intellektə malik rentgen aparatının digər rentgen aparatlarından fərqli xüsusiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.


Tədbirdə iştirak edən Şəmkir şəhər Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Təhməz Mehdixanov Vərəm əleyhinə QHT Koalisiyasının ölkədə və beynəlxalq arenada vərəmlə bağlı əldə etdiyi uğurlardan söhbət açaraq, maarifləndirmə tədbirlərinin rayonlarda keçirilməsinin çox vacib olduğunu vurğulayıb, eyni zamanda Şəmkirdə vərəmlə bağlı məlumatları iştirakçıların nəzərinə çatdırıb.

Şəmkir Gənclər Evinin psixoloqu Günel Hüseynli  çıxış edərək, vərəmlə bağlı maarifləndirmə təşəbbüsünü təqdirəlayiq hesab etdiyini qeyd edib.
 

Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı Şəmkir şəhər İcra Hakimiyyətinin başçısı Rəşad Tagıyevə və Şəmkir şəhər Mərkəzi Xəstəxanasının Vərəm Şöbəsinin müdiri Təhməz Mehdixanova Koalisiya adından təltifnamə təqdim edib.
 

Tədbirin sonunda Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı təşkilatı olan "Sağlamlığa Xidmət" İctimai birliyinin əldə etdiyi portativ, süni intellekt üstünlüyünə malik, FDR X-Air adlı rentgen aparatı ilə iştirakçıların döş qəfəsinin rentgen müayinəsi təşkil olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı