Xəbərlər 09.04.2023 13:56 2246

Xarici kitabxanalarda Azərbaycan həqiqətlərinə dair kitabları necə yerləşdirək? - rəylər

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsi hər zaman prioritetdir. Uzun illər biz bu məsələdən gileylənmişik. Xarici ölkələrdəki əksər səfirlərin, diasporların bu yöndə fəaliyyəti qənaətbəxş olmayıb. İndi də vəziyyət çox da fərqlənmir.

 

Reallıq budur ki, bizə bundan sonra həqiqətləri dünyaya olduğu kimi çatdırmaq daha vacibdir. Döyüş meydanında məğlub olan Ermənistan erməni lobbisi ilə birgə ideoloji savaşı daha da artırmaqdadır və Azərbaycana qarşı böhtanları, qarayaxmaları ifrat həddə çatdıracaq.

 

Bəllidir ki, ideoloji təbliğat, həqiqətlərin çatdırılması üçün konfranslar, tədbirlər, flaşmoblarla yanaşı, dünyanın nüfuzlu media orqanlarında davamlı təbliğat aparmaqla yanaşı, davamlı təşviqatda kitabxanalar da mühüm rol oynayır. Araşdırmaçılar, tələbələr və digər önəmli kateqoriya insanları kitabxanalara xüsusi önəm verirlər.

 

Təəssüf ki, biz bu işdə də axsayırıq.

 

Hüquq müdafiəçisi, beynəlxalq prosesləri, təbliğat işini yaxşı bilən Sahib Məmmədov buna dair maraqlı bir açıqlama verib. Sitat: “Xarici ölkələrin məşhur və o qədər də məşhur olmayan kitabxanalarında demək olar Azərbaycan həqiqətləri ilə bağlı kitablar yoxdur. Ermənilərin saxta kitabları isə ən kiçik kitabxanalarda, indi isə bütün elektron kitabxanalarda var. Bizimkilər kitabı müxtəlif dillərə tərcümə etsə də, həmin kitabxanalarda yerləşdirə bilmir və ya heç buna cəhd də etmir. Poçtla göndərilən, əllə aparılan kitabları isə kitabxanalar qəbul etsə belə, kataloqa daxil etmirlər. Uzağı, vestibüldə qoyur ki, kim istəsə, götürsün. Bir müddət sonra isə utilizasiya edirlər gedir, çünki kitablara, onların kataloqlara salınmasına dair ciddi tələblər var. İlk növbədə onlara əməl edilməlidir”.

Sahib Məmmədov: “Məşhur nəşriyyatlarla əməkdaşlıq qurmalıyıq”

 

Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, müxtəlif platformalarda, eləcə də kitabxanalarda Azərbaycana aid vəsaitlərin az olmasının bir neçə obyektiv səbəbi var: “Məsələn, Qərbi Azərbaycanda dağıdılmış abidələrimizlə bağlı kitabda ermənilərə münasibətdə vəhşi və s. kimi ifadələr işlənibsə, o kitab qəbul olunmayacaq. Mən beynəlxalq təşkilatların internet resurslarına Ermənistanla bağlı hesabatlar göndərirəm. Maksimum şəkildə çalışıram ki, Ermənistanla bağlı təhqiramiz ifadə olmasın, çünki əks halda hesabat yerləşdirilməyəcək. Digər tərəfdən, hər bir kitabxananın öz qaydaları var. Ən ciddi məsələlərdən biri nəşriyyatlarla bağlıdır. Kitablar tanınmış nəşriyyatlarda çap olunsa, oxunmadan kataloqlara yerləşdiriləcək. Biz məşhur nəşriyyatlarla əməkdaşlıq qurmalıyıq. Bu halda nəşrlər məşhur internet platformalarında satışa çıxarıla bilər. Bir sözlə, görülən işlər kifayət qədər deyil”.

 

S.Məmmədov məzmuna diqqət çəkərək qeyd etdi ki, tarixi faktlara, ciddi mənbələrə istinad etmək mütləqdir: “Xüsusilə tarixə aid kitablarda diqqətli olmaq lazımdır. Ermənilər əksər kitablarda "Artsax"ın işğal edildiyini, xristian abidələrinin dağıdılmasını qeyd edirlər. Yeri gəlmişkən, bu prosesdə Əkrəm Əylislidən istifadə edirlər. Bunu nəzərə alaraq, işi hərtərəfli görmək lazımdır".

 

Dilqəm Əhməd: “Xaricdə azərbaycanlı müəlliflərin əsərlərinin nəşri ilə bağlı xüsusi fond yaradılsın”

 

Araşdırmaçı Dilqəm Əhməd “Yeni Müsavat”a bildirdi ki, xarici kitabxanalarda azərbaycanlı müəlliflərin əsərlərinin yer alması üçün hər ölkənin özünəməxsus qaydaları ola bilər. O, şəxsi təcrübəsində də bunun şahidi olub: “2018-ci ildə professor Ədalət Tahirzadə ilə birgə "Azərbaycan Cümhuriyyəti" kitabımız Bakıda İsveç dilində çap olundu. İsveçdə təqdimatını da etdik, amma oradakı kitabxanalar nəşr yeri Bakı olduğuna görə qəbul etmədilər. Daha sonra İsveçdəki cəmiyyətimiz kitabı daha geniş həcmdə İsveç nəşriyyatında çap etdi və demək olar ki, ölkə üzrə payladılar. İsveç kitabxanalarında ilk dəfə Azərbaycan Cümhuriyyəti haqqında bir kitab oldu. Demək ki, hər ölkədə bu kimi fərqli qaydalar ola bilər. Mənə elə gəlir ki, ən böyük yanlışımız xaricdə çıxan kitablarımızın birbaşa propoqanda kitabları olmasıdır. Bizim təşkilatlar xaricdə kitab hazırlayarkən oranın qaydalarına əməl etmirlər, peşəkar yanaşma sərgiləmirlər. Sanki yenə də Azərbaycan oxucusuna müraciət formasında yazılır. Digər tərəfdən, yazanlar da peşəkar olmurlar. Məsələn, professor Cəmil Həsənlinin kitabları ən məşhur nəşriyyatlarda çıxır və hər kitabxanada var. Demək ki, öncə müəllif beynəlxalq standartlara cavab verməlidir, ən azı müəyyən ölkələrdə tanınmalıdır. Bir də mütləq xarici ölkələrin nəşriyyatlarında çıxmalıdır. Mən Bakıda nəşr etdiyimiz kitablarımı Türkiyədə bəzi kitabxanalara vermişəm. Türkiyədə bu proses rahatdır. Məsələnin digər tərəfi də var. Bəzi beynəlxalq elmi cəmiyyətlər özləri təqib edib dəyərli bildikləri kitabları alırlar. Məsələn, İstanbuldakı Almaniyanın dəstəklədiyi Orient İnstitutu Bakıdan davamlı kitablar alır, yəni yaxşı kitablar mütləq dünyada yerini tapır. Biz dünyaya sırf dövlət dəstəkli propoqanda kitabları ilə çıxdığımız üçün dünyaya maraqlı olmur. İstanbulda keçirilən Beynəlxalq Tüyap Kitab Fuarına Mədəniyyət Nazirliyinin gətirdiyi kitabların çoxu zay olur. Məmurların, onların yaxınlarının yazdığı kitablarla stendi doldururlar. Axı bu kitablar heç kimə lazım deyil. Bakıda o qədər qiymətli kitablar çıxır ki! Biz onları sərgidə görmürdük. Təklifim odur ki, Azərbaycan öncə xaricdə azərbaycanlı müəlliflərin əsərlərinin nəşri ilə bağlı xüsusi fond yaratsın və bu fond dost-tanışın kitablarını deyil, həqiqi dəyəri olan kitabları xarici nəşriyyatlarla anlaşıb orada çap etsin. Məsələn, Aqşin Yeniseyin romanları ingilis dilində niyə olmamalıdır ki? Ciddi şəkildə tərəf tutmayacaq ekspert qruplarının nəzarət edəcəyi fond olmalıdır".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı